Paytaxtımızda yerləşən "Nizami" kinoteatrına yeni status verilir. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədovun verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılan "Nizami" kinoteatrına bu günlərdə "Nizami" Kino Mərkəzi statusu veriləcək.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva əsaslı təmir və yenidənqurmadan sonra "Nizami" kinoteatrının binası ilə tanış olublar. 1934-cü ildə istifadəyə verilmiş "Nizami" kinoteatrının binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin məlum Sərəncamına əsasən yenidən qurulub.
Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik 2 zal, ikinci mərtəbədə 500 nəfərlik böyük zal, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kino zalı yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran var. Restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcək.
Kinoteatrın təntənəli açılış mərasiminin dekabrın 27-də keçirilməsi nəzərdə tutulur. Hazırda "Nizami" kinoteatrına Kino Mərkəzi statusunun verilməsi ilə bağlı işlər aparılır. Yeni status aldığı üçün mərkəzə yeni işçi heyəti cəlb olunacaq və yeni ştatlar açılacaq. 50-yə yaxın ştatın açılması planlaşdırılıb. Bu ştatların açılması və yeni təyinatlar zaman tələb edir. Bu səbəbdən də təntənəli açılış mərasiminin dekabrın 27-nə keçirilməsi nəzərdə tutulub.
C.Məmmədovun sözlərinə görə, "Nizami" Kino Mərkəzinə yeni baş direktor və 2 müavin təyin olunacaq. Bu təyinatın açılışa qədər həyata keçirilməsi nəzərdə tutulub. Bu məkanda bir çox yeniliklər var və bunları idarə etməyi bacaran yeni işçi heyətinə ehtiyac duyulur.
Bütün Polşa onun haqqında danışır...