Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən "Alte Kanzlay" cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert zalında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Azərbaycana ədəbi və musiqili səyahət" adlı ədəbi-bədii və musiqili tədbir keçirilmişdir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilmiş gecədə "Alte Kanzlay" cəmiyyətinin sədri cənab Frider Füllers açmış, daha sonra cəmiyyətin üzvü cənab Volker Klyayn çıxış etmiş, AAF-nin İdarə Heyətinin üzvü və AAKM-nin icraçı direktoru, xanım Samira Patzer-İsmailova qonaqları salamlamış və Azərbaycan haqqında ətraflı məlumat vermişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, adıçəkilən qəsrin Kamera Musiqisi Zalında keçirilən gecənin musiqili hissəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səslənmişdir. Mirvarid Dilbazi, Nizami və Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı və ariyalar opera müğənnisi, mezzosoprano Silke Hartstang Azərbaycan dilində məharətlə ifa etmişdir. Fortepianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti, Almaniya və Azərbaycanda bir sıra mükafatların daşıyıcısı xanım Elnarə İsmailova müşayiət etmişdir. Elnarə İsmailova, həmçinin, adı çəkilən bəstəkarların əsərlərini fortepianoda solo ifa etmişdir. Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi, cənab Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şeirlərini, "Pıspısa xanım və Siçan bəy"in nağılını, Qurban Səidin "Əli və Nino" əsərindən parçaları dinləmişlər.
Gecənin bədii tərtibatçısı və aparıcısı xanım Samira Patzer-İsmailova tədbirin realizə olunmasında maraq və kömək göstərən şəxslərə təşəkkürünü bildirmişdir. Tədbirin sonunda qonaqlara Azərbaycanın Almaniyadakı səfirliyi və TEAS-Avropa Azərbaycan Cəmiyyətinin tədbirə hədiyyə etdiyi Azərbaycana dair kitab, CD, buklet və açıqcalardan ibarət kiçik hədiyyələr təqdim olunmuşdur. Böyük uğurla keçən tədbirdə çoxlu sayda alman qonaq, incəsənət xadimi və elm nümayəndəsi iştirak etmişlər.
Bütün Polşa onun haqqında danışır...