Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası əsasında yeni musiqili bədii film çəkiləcək. Məşhur İran rejissoru Yadulla Səmədinin çəkəcəyi filmin rollarında Azərbaycan və İran aktyorları çıxış edəcəklər. Məhz bu filmlə bağlı danışıqlar aparmaq üçün Yadulla Səmədi Azərbaycana gəlib.
Film "Məşədi İbad" adlanacaq. Filmdə Məşədi İbad rolunu İran aktyoru canlandıracaq. Azərbaycanın xalq artisti Afaq Bəşirqızı qulluqçu Sənəm, xalq artisti Rasim Balayev isə Rüstəm bəy rolunda çıxış edəcəklər. Digər obrazların ifaçılarını isə hələ müəyyənləşdirilməyib. Gülnaz və Sərvər rolunu canlandırmaq üçün hələ aktyor müəyyənləşdirilməyib. İranlı rejissor axtarışlarını davam etdirir. Filmdə səsləndirilən muğam parçasının ifasına gəlincə isə, artıq filmin qonaqlıq səhnəsini Azərbaycanın xalq artisti, dünyaşöhrətli xanəndə Alim Qasımovun səsləndirəcəyi qərara alınıb.
Filmin əsas çəkilişləri Azərbaycanda aparılacaq. Əsərdə təsvir olunan köhnə Bakıdan əsər-əlamət qalmasa da, rejissor çəkilişlərin elə paytaxtımızda aparacağına qərar verib. Bəzi istisnalar olmaq şərti ilə çəkilişlərin İranda aparılması da nəzərdə tutulub. "O olmasın, bu olsun" filminin çəkilişlərinə gələn ilin mart ayında başlanılacaq və üç ay müddətində əsas çəkilişlər sona yetəcəkdir.
Onu da qeyd edək ki, film iranlı rejissor tərəfindən Azərbaycan dilində çəkiləcək. Sonradan farscaya dublyaj olunacaq və hər iki dildə yayımlanacaq. Lakin filmdə səslənən bütün musiqi parçaları Azərbaycan musiqiçiləri tərəfindən ifa olunacaq. Fars variantında isə o parçalar olduğu kimi saxlanılacaq. Film hazır olandan sonra onun xarici festivallara göndərilməsi də planlaşdırılır.
"O olmasın, bu olsun" filmində bəzi epizodlara dəyişikliklərin edilməsi də istisna deyil. Belə ki, rejissor tərəfindən film boyu bəzi dəyişikliklərin edilməsi də planlaşdırılıb.
İranlı rejissorun "O olmasın, bu olsun" filminə müraciətinin əsas məqsədi Üzeyir Hacıbəyli sənətini İranda təbliğ etməkdir.
Bütün Polşa onun haqqında danışır...