Böyük ənənələrə malik olan Azərbaycan teatrı bütün zamanlarda tərbiyəedici mövqedə olub. Bu gün də teatr Azərbaycan və dünya klassiklərinin əsərlərini tamaşaya qoyur və gənc nəslin mənəvi-estetik tərbiyəsinə müsbət təsirini göstərməkdədir. Bu gün Azərbaycanın teatr, eləcə də, mədəniyyət məkanında görülən işlər saysızdır və ölkənin çox qaynar mədəni həyatı var. Bu qaynar mədəni həyatın içərisində teatrların inkişafı xüsusi qeyd olunmalıdır.
Mədəniyyət və Turizm İdarəsindən qəzetimizə verilən məlumata görə, gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşünün formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunması məqsədi ilə idarənin təşəbbüsü ilə eksperimental "Vahid" satira teatrı yaradılmışdır. Bakı ətrafı qəsəbələrdə əhalinin mərkəzdə yerləşən teatrlara gəlişində olan çətinlikləri nəzərə alaraq "Vahid" satira teatrının yeni hazırlanmış "Yolunu azmış sərnişinlər" satirik, musiqili tamaşasını qəsəbələrdə nümayiş etdirilməsi qərara alınmışdır.
"Yolunu azmış sərnişinlər" satirik, musiqili tamaşasının quruluşçu rejissoru və müəllifi Maarif Məmmədovdur. Tamaşada əsas rollarda teatrsevərlərə çox yaxından tanış olan aktyorlar Allahverdi Yolçuyev, Natiq Fərzəliyev, Naibə Allahverdiyeva, Sərvər Əliyev, Nahidə Orucova, Cümşüd Zeynalov, Məhərrəm Qurbanov və müğənni Aydın çıxış edirlər. "Yolunu azmış sərnişinlər" satirik, musiqili tamaşası tərbiyəedici mövzuda hazırlanmış, tamaşaçıda hər kəsin seçdiyi və yiyələndiyi sənətin düzgün istifadə olunması, peşəkar olduğu sahədə çalışmaq keyfiyyətlərini aşılayan bir səhnə əsəridir. Hər hansı sahədə qeyri-peşəkar yanaşmanın fəsadlarını göstərən tamaşa gənc nəslə peşə seçiminin düzgün təyin edilməsi amillərini vurğulayır.
"Vahid" satira teatrının yeni hazırlanmış "Yolunu azmış sərnişinlər" satirik, musiqili tamaşası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tamaşaçılar eksperiment şəklində hazırlanmış bu layihənin davamına digər teatrların da qoşulmasına ümid edirlər.
Bütün Polşa onun haqqında danışır...