Mədəniyyət

  • 4 159

Elçin Əfəndiyev dramaturgiyası dünya teatr səhnələrində

image

Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən "Avanqard" Teatrında görkəmli Azərbaycan dramaturqu, xalq yazıçısı Elçinin "Şekspir" komediyasının ingilis dilində premyerası keçirilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, tamaşanın nümayişində dramaturq Elçin Əfəndiyev iştirak edib.

Xatırladım ki, "Şekspir" tamaşasının quruluşçu rejissoru, "Qrantlers" İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Devid Perridir. Tamaşada əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters və başqaları ifa ediblər.

Tamaşadan əvvəl Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qəbul təşkil edib. "Şekspir" tamaşasının ingilis dilində versiyasının rejissoru Deyvid Perri çıxış edərək bildirib ki, Elçin dramaturgiyasının müasir dünya teatr sənətində xüsusi yeri vardır. Elçinin əsərlərində böyük sənətkarlıqla qaldırılan problemlərin coğrafi sərhədləri yoxdur. D.Perri tamaşanın ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və Avropa Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirib.

Ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, Elçinin "Şekspir" əsərinin Londonda tamaşaya qoyulması Azərbaycan və Böyük Britaniya arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir sübutudur.

Sonda "Şekspir" əsərinin müəllifi, xalq yazıçısı Elçin çıxış edərək tamaşanın yaradıcı heyətinə, səhnə əsərinin ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşa uğurlu həyat yaşamış, böyük müvəffəqiyyətlə qarşılanmış və dəfələrlə alqışlanmışdır.

Qeyd edək ki, "Şekspir" tamaşası ilk dəfə Bakıda "Üns" Teatrının səhnəsində nümayiş etdirilmişdir. Sonradan tamaşa Krımda, Moskvada tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Gələn il səhnə əsərinin Türkiyə tamaşaçılarına təqdim olunacağı gözlənilir.

Premyerada Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, Londonda akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Digər xəbərlər