Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Şamaxı rayonundakı orta əsrlərə aid Gülüstan qalasında aparılan arxeoloji qazıntılar zamanı maraqlı tapıntı əldə etmişlər.
İnstitutun Şamaxı-Ağsu ekspedisiyasının rəisi Akif Quliyev bildirib ki, qalada Rusiyanın Sank-Peterburqdakı Dövlət Ermitaj Muzeyində saxlanılan Pir Hüseyn Xanəgahından olan kaşıların bənzəri aşkarlanıb.
Gülüstan qalasında aparılan arxeoloji axtarışlar zamanı qazıntı sahəsinin 3-cü kvadratından tapılmış kaşı formasına və hazırlanmasına görə Hacıqabul rayonunda Pirsaatçay üzərindəki Pir Hüseyn Xanəgahının kaşıları ilə eynilik təşkil edir.
Pir Hüseyn Xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları olmuşdur. XIII əsrdə Pir Hüseyn Rəvvanın məqbərəsində, türbənin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəri hesab olunur. Akademik Bartold və Dorn bir zamanlar Pir Hüseyn Xanəgahında olarkən buradakı kaşıların gözəlliyinə heyran qalmışlar. Həmin zamandan da kaşıların Azərbaycandan daşınılmasına başlanılmışdır. Artıq 1907-ci ildə çəkilmiş fotolardan aydın görünür ki, bu kaşılar vəhşiliklə qopardılaraq aparılmışdır. Kaşılar Moskva, Peterburq, Tiflis şəhərlərinə aparılmışdır. Lakin bir müddət sonra bu kaşılar Parisdə satılmağa başlanılmışdır. Nəticədə Xanəgahda bu kaşılardan əsər-əlamət qalmamışdır. Bu gün Pir Hüseyn Xanəgahından olan bu kaşıların bir qismi Sank-Peterburqda Ermitaj Muzeyində saxlanılır.
Yeni tapıntıdan sonra Gülüstan qalasında da Pir Hüseyn Xanəgahı kimi bəzədilmiş məqbərənin olduğu güman edilir. Lakin bu, gələn il Gülüstan Qalasında aparılan arxeoloji qazıntılardan sonra daha dəqiq məlum olacaqdır.
Bütün Polşa onun haqqında danışır...