PDF Oxu

Mədəniyyət

  • 732

“Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabının təqdimatı

“Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabının təqdimatı

16 dekabr tarixində tanınmış yazıçı Abdulla Şaiqin mənzil muzeyi tərəfindən bəstəkar Rəşid Şəfəqin tərtib etdiyi "Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri" kitabının təqdimat mərasimi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, təqdim olunacaq not kitabı nazirliyin dəstəyi ilə nəşr edilmişdir. Abdulla Şaiqin 130 illik yubiley tədbirləri silsiləsindən olan bu mərasim Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaqdır.

Təqdimat mərasiminə Azərbaycan Bəstəkarlar İttifaqının məsul şəxsləri, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun, Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin, "Təhsil" nəşriyyatının nümayəndələri, Üzeyir Hacıbəyli, Bülbül, Hüseyn Cavid, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeylərinin əməkdaşları dəvət edilmişlər.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadənin, bəstəkarlardan Oqtay Zülfüqarovun, Sevda İbrahimovanın, Rəşid Şəfəqin çıxışları nəzərdə tutulub. Rəngarəng konsert proqramında Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun, Əşrəf Abbasovun, Oqtay Zülfüqarovun, Elnarə Dadaşovanın, Zeynəb İsmayılzadənin Abdulla Şaiqin sözlərinə yazılmış mahnıları ifa ediləcək. Musiqi nömrələrini Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, Azərbaycanın əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsnət Universitetinin müəllimi, müğənni Cavid Hüseyn, Oqtay Zülfüqarovun rəhbərliyi ilə Uşaq Filarmoniyası "Aysel" teatrının uşaqları, Asəf Zeynallı adına Musiqi Kollecinin, İncəsənət Gimnaziyasının tələbələri təqdim edəcəklər.

Tədbirin keçirilməsində məqsəd qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığının az tanınan, öyrənilməyən sahələrini təbliğ etmək, bu yöndə fəaliyyət göstərən mənzil-muzeyinin işini təqdim etməkdir.

Digər xəbərlər