Azərbaycan xanəndəlik məktəbinin tanınan və sevilən sənətkarı Qədir Rüstəmov dünən onu sevənlərin hüzn və kədəri içərisində torpağa tapşırıldı. Onunla vidalaşmağa gələn insanları xanəndəyə olan sevgi hiss bu məkana gətirmişdi. İllərdir Qədir Rüstəmov səsinin sehri ilə yaşayan və bu cazibəni daxili dünyasında hiss edən muğamsevərlərə Qədir Rüstəmov itkisi o qədər də asan deyil.
Yanıqlı, yapşıqlı, titrək, yüksək diapozonlu səsin çalarları, onun zil və bəmdə ifası istənilən muğamın cazibəsində, təsirində dinləyicini yaxşı mənada əsarətdə saxlayırdı. Sakit, təmkili, səmimi və incə yumor hissinə malik Qədir Rüstəmovu xalqa sevdirən səs ilə bahəm elə sadəliyi, incə yumoru idi. Qəlbindən sezilən bu dəyərlər onunla dinləyici arasında ən yaxın bir məsafədə körpü yaratmışdır. Belə bir insan sənəti ilə musiqi dünyamıza xidmət edir. Özü də məsuliyyətlə. Özünə məxsus olan bənzərsiz xüsusiyyətləri onu fərdi keyfiyyətləri ilə də xalqa sevdirdi. Hər kəs Qədir Rüstmovun qeyri-adi jetlərinə alışmış və bu keyfiyyətləri ilə qəbul olunmuşdur. Bu qeyri-adi keyfiyyətlər də elə onun ifasına hakim idi. Səsinin axarına saldığı tamaşaçı və dinləyicini öz ruhuna uyğun olaraq kökləməyi bacarırdı. Bu da, təbii ki, sənətkarın peşəkarlığını və səsinin aliliyinin bir qüvvəsidir.
Uşaqlıqdan bu səsin avazına həsəd aparıb, harada onunla bağlı bir veriliş, məqalə olsa belə diqqətimizi ona kəsmişik. Sadə və təmtərağı sevməyən bir insan olduğundan diqqəti üzərində saxlamağı bacarırdı. Tanrı vergisi idi bu səs. İlahidən gələn bir səs idi. Elə bu səsi bir dəfə eşidən insan yenidən onu dinləmək, avazı ilə ruhi dünyasına qovuşma istəyirdi. Bu gün artıq biz Qədir Rüstəmovla bağlı xatirələşmiş hisslərimizlə, keçmiş bir zamanın hadisələrini çözələyərək danışırıq. Dünyada hər şeyin əbədi olacağını zənn edib yaşadığımızdan qəfil gələn xəbərlər varlığımızın heç də maddi aləm kimi əsrləri əhatə etməyəcəyini bizə dərk etdirir. Zaman hakimdir. Hökmün oxunmasını gözləmədən, mühakimə olunmadan belə gücünü tətbiq edir. Dünyada heç zaman bərpa olunmayacaq zamanın hər anını belə insan əldən buraxmayıb, bir iz salmağı bacarmalıdır. Elə Qədir Rüstəmov kimi. Sənətə ilk addım atdığı gündən izini saldı. Sənəti ilə Tanrının ona bəxş etdiyi səsi zəhməti ilə cilaladı.
76 il ömür yaşayan sənətkarın keçdiyi ömür-gün yolu bizləyə aydın və bəllidir. 1935-ci ildə Ağdam rayonunda anadan olan Qədir Rüstəmov elə musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişmişdir. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların sənətlə bağlı olan görüşləri Qədir Rüstəmovun ilk sənət məktəbi olmuşdur. Ustad sənəkar kimi yetişmək üçün əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdır. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları "Rast", "Çahargah" məharətlə səsləndirilmişdir. "Sona bülbüllər"i isə onun səsinin avazında daha möhtəməş təqdim olundu. Bu ifadan sonra Qədir Rüstəmov daha çox sevildi. Yüksək səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarırdı.
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları son dərəcə böyük məharətlə ifa etmişdir. Oxuduğu muğamlarda uzun və coşqun zəngulələr vurması ilə fərqlənir.
Bu gün Qədir Rüstəmovun ifasında səslənən "Rast" və "Çahargah" kimi bir sıra muğam dəsgahları Azərbaycan mədəniyyətinin "qızıl fondu"na daxildir.
Belə bir ömür yaşayan, dövlət tərifindən, demək olar ki, bütün ali mükafatlara layiq görülən Qədir Rüstəmovu bu dünyada narahat edən, illərdir ki, gözlədiyi hər zaman səsinin zilini doğulub boya-başa çatdığı Qarabağ məkanında nümayiş etdirib, bu torpağın gülünü-çiçəyini, daşını, çayını, bulağını əfsunlamaq idi. Əfsunladıqca da ruhu ilə cadarlaşmış, təşnə yollarda göz işlədiksə sevgisini qoxulamaq idi. Elə bu müqəddəs arzusunu özü ilə apardı. Səsi, ünü çatmayacaq bir məkana. Allah rəhmət eləsin!
Bütün Polşa onun haqqında danışır...