Moskvada yazıçı-jurnalist Oksana Bulanovanın "Azərbaycan: mədəniyyət, ənənələr, insanlar" kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, kitabın ərsəyə gəlməsi Rusiya Azərbaycanlılarının Milli-Mədəni Federal Muxtariyyətinin (AMMFM) dəstəyi nəticəsində mümkün olub.
"AzərRus" AMMFM-in lideri Söyün Sadıqov bu layihənin rəhbərlik etdiyi qurum və müəllif arasında həyata keçirilmiş əməkdaşlıq nəticəsində reallaşdığını açıqlayaraq, onun iki xalq arasında dostluq, qardaşlıq və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə əmin olduğunu vurğulayıb: "Bu kitab həm rus oxucular, həm də Rusiya azərbaycanlıları üçün maraqlıdır. Əsas məqsəd Azərbaycanın zəngin milli-mədəni irsini təbliğ etməkdir".
Müəllif Oksana Bulanova kitabın onun Azərbaycan haqqında yazdığı ən iri əsər olduğunu bildirib: "Mən bu ölkəni çox sevirəm və bu sevgini kitabımda göstərməyə çalışmışam. Bu ölkənin adət-ənənələri, mədəniyyəti, insanları, təbiətə münasibəti qısaca olaraq, hər şeyi məni valeh edib".
Məlumat verək ki, yazıçı, şair, jurnalist, bard və kulturoloq olan Oksana Bulanova moskvalı olsa da, 2005-ci ildən Bakıda yaşayır. O, bir sıra rusdilli qəzet və jurnalların redaktorudur. Ölkəmiz onun yaradıcılığında dərin iz buraxıb. Azərbaycan haqqında çoxsaylı esse, oçerk, hekayə, 2 roman və bir neçə ssenari yazıb. Oksana Bulanova bir sıra ədəbi mükafatlarla, o cümlədən, Azərbaycan Yazıçılar Birliyinin mükafatına layiq görülüb.
Bütün Polşa onun haqqında danışır...