PDF Oxu

Mədəniyyət

  • 5 335

Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı

Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı

İçərişəhərdə kiçik karvansaray binasında yerləşən "İncəsənət Bağı"nda dekabrın 17-də Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Art Council, "İncəsənət Bağı"dır. Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətin növləri arasında xalçaçılıq, keramika, zərgərlik, batika və başqaları özünə məxsus üslubda formalaşmışdır. Avropa incəsənətinə aid olan qobelen sənət növü də Azərbaycan tətbiqi-sənətində milli ruhda özünə məxsus yer tutmuşdur. Müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək, Azərbaycan dekorativ-tətbiqi sənəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.

İçərişəhərdə yerləşən "İncəsənət Bağı"nda açılışı olacaq "Potensial" dekorativ tətbiqi sənət festivalının əsas məqsədi də bu sənətin müasir növlərinin qorunması, təbliği və inkişafını davam etdirməkdir. Azərbaycan incəsənət və sənətkarlıq sahəsində yeni tərzdə təqdim olunan, yüksək peşəkarlıq məktəbi əsasında yaranan yeni müasir ideyalarını ənənəvi sənət növü çərçivəsində sərgiləmək layihənin əsas konsepsiyasını təşkil edir. İlk dəfə olaraq tələbə və müəllim heyətinin birgə iştirakı ilə keçirilən festival 4 gün davam edəcək və festival zamanı keramika, batika və qobelen sənətində müxtəlif üslubda işləyən rəssamların əsərləri sərgilənəcək, master klasslar keçiriləcək. Festivalın təşkilatçısı olan 2002-ci ildə yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. "Dekorativ tətbiqi sənət" kafedrası xalçaçı rəssam, bədii toxuculuq (qobelen-batika), keramika, metal və şüşə ixtisasları üzrə fəaliyyət göstərir. Sərginin iştrakçılarının çox hissəsini bu ali məktəbin peşəkar müəllimləri, məzun və tələbələr təşkil edir. Akademiyada fəaliyyət göstərən keramika, batika və qobelen kafedrasının təhsil proqramı üzərində istedadlı gənc nəslin yetişdirməsini müşahidə etmək olar.

Layihənin müəllifi sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Əsmər Abdullayeva bildirib ki, layihənin gələcəkdə genişlənməsi nəzərdə tutulur. Gürcüstan, Türkiyə, Rusiya, Özbəkistan rəssamları ilə birgə beynəlxalq dekorativ-tətbiqi sənətlər festivalını keçirmək təşkilatçıların yaxın gələcək planlarına daxildir. Azərbaycanın qədim sənət növlərini yeni müasir rakursdan ictimayyətə tanıtmaq festivalın əsas məqsədlərindən biridir.

Açılış zamanı qonaqlara müxtəlif interaktivlər, performanslar, xalq musiqisi və caz üslubunda musiqi nömrələri təqdim olunacaq.

Digər xəbərlər