Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışlar başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki şəhər İcra Hakimiyyətinin dəstəyilə keçirilən tədbirdə respublikamızın şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparır. Dekabrın 18-də Atçılıq Turizm Mərkəzində çövkən milli oyununun təntənəli açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, mərasimdə şəhər rəhbərliyinin, nazirliyin məsul nümayəndələri, müxtəlif rayonlardan gəlmiş qonaqlar və azarkeşlər iştirak ediblər.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova tədbiri açaraq bildirib ki, ənənəvi olaraq, hər il dekabrda keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği və inkişafı, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi daşıyır. Yarışların coğrafiyası ildən-ilə genişlənir, daha kütləvi xarakter alır. İlk dəfə 2006-cı ildə keçirilən yarışlarda 6 komanda iştirak edirdisə, indi onların sayı 16-ya çatıb. Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.
Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və İsmayıllı komandalarının oyununu izləyiblər. Qarşılaşma 9-1 hesabı ilə Şəki komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, dekabrın 17-də ilkin seçmə oyunları keçirilmişdir. Seçim turunun nəticələri İsmayıllı-Tovuz - 1-0, Qəbələ-Bərdə- 2-0, Goranboy-Daşkəsən - 2-0, Yevlax-Göygöl - 3-2, İsmayıllı-Zaqatala - 2-1 olaraq göstərilib. Dekabrın 18-də yaylıq milli oyunu üzrə yarımfinal oyunları da keçirilib. Qalib komandalar çövkən oyunu üzrə çıxışlarını davam etdirəcəklər. Növbəti günlərdə isə sür-papaq və papaq oyunları üzrə yarışlar keçiriləcəkdir. Prezident Kuboku uğrunda VI çövkən milli oyununa dekabrın 22-də yekun vurulacaqdır.
Bütün Polşa onun haqqında danışır...