Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ II Beynəlxalq İncəsənət-Rəsm Sərgisi açılıb.
"Qafqaz Resorte" otelində keçirilən "Sənət! Həyat! Torpaq!" mövzusundakı sərgidə dünyanın 18 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və Ukraynanı təmsil edən 116 rəssam və heykəltəraşın əsərləri nümayiş etdirilir. Sərginin açılışında çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ruhəngiz Heydərova bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin baş tutmasına yaxından kömək göstərmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə edib. Ruhəngiz Heydərova qeyd edib ki, ötən il ilə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır. Bu isə, öz növbəsində, Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən, bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.
Tədbirdə Azərbaycanın və Rusiyanın xalq rəssamı, akademik Tahir Salahov bildirib ki, paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm incəsənət sərgisinin keçirilməsi vacib hadisədir. Qəbələ sənət və təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı bir məkandır. Qəbələ şəhərində artıq ikinci ildir ki, keçirilən və yüksək səviyyədə təşkil olunan bu beynəlxalq sərginin getdikcə dünyada məşhurlaşması və ötən illə müqayisədə bu sərgidə iştirakçıların sayının xeyli artması buna əyani sübutdur. Bu sərgidə müxtəlif mədəniyyətlər ən yüksək səviyyədə təbliğ edilir. Sərgidə nümayiş olunan realist çalarlarla, fərqli forma və rənglərlə maraq doğuran bu yaradıcılıq nümunələri bir qədər sərt görünsə də, əslində, heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti çəkir. Həqiqətən də, parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri bu sərgidə özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Əcnəbi və yerli sənətsevərlər böyük estetik zövq bağışlayan əsərlərə maraqla tamaşa edir və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olurlar.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov, Koreya Respublikasının ölkəmizdəki səfiri Li CiHan sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar. Natiqlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq sənətinin nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı təşkil olunub.
Bütün Polşa onun haqqında danışır...