PDF Oxu

Mədəniyyət

  • 921

“Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı regional layihə davam edir

“Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı regional layihə davam edir

Artıq 2010-cu ildən başlanmış Mədəniyyət Nazirliyinin "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" adlı layihəsi cari ildə də davam edir. Məlumat üçün bildirməliyik ki, sözügedən layihə çərçivəsində seminarlar artıq respublikanın 11 şəhər və rayonunda (Gəncə, Lənkəran, Ağdaş, Şamaxı, Şirvan, Mingəçevir, Qusar, Zaqatala, Şəki, Göyçay və Sumqayıt) keçirilib. Seminarlarda ümumilikdə minə yaxın mədəniyyət müəssisələri əməkdaşları iştirak etmişdir.

Həyata keçirilən seminarlar respublikanın tanınmış alimləri, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən aparılır.

Layihənin əsas məqsədi mədəniyyət siyasətinin həyata keçirilməsində elmin geniş iştirakının təmin edilməsidir. Eyni zamanda, mədəniyyət siyasətinə həsr olunmuş bu təlimlər keyfiyyət etibarilə yeni peşə təfəkkürünün formalaşmasına və mədəniyyət sahəsinin imicinin artırılmasına xidmət edir. Belə ki, mədəniyyət siyasəti məfhumunun dərk olunması sahənin daxildən yeniləşməsi, yeni fəaliyyət perspektivlərinin müəyyən olunması və müasir peşə səriştələrinin formalaşmasına xidmət edir.

Layihə çərçivəsində növbəti tədbir cari ilin 26 dekabr tarixində Abşeron rayon mədəniyyət və turizm şöbəsində təşkil olunacaqdır. Nazirliyin elm və təhsil şöbəsinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin aparıcılığı ilə keçiriləcək seminarda yerli mütəxəssislər ilə yanaşı, Qazaxıstan Milli İncəsənət Akademiyasının sosial-humanitar fənlər kafedrasının müdiri xanım Aliya Alimjanova da iştirak edəcəkdir.

Digər xəbərlər