19 dekabr tarixindən Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərindədir. 24 dekabr tarixinədək davam edəcək bu qastrol səfəri Azərbaycan-Ukrayna teatr əlaqələrinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər.
Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun "Səs" qəzetinə verdiyi məlumata görə, cari ilin aprel ayında Akademik Milli Dram Teatrı "Teatr. Çexov. Yalta" Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Yaltaya yollanarkən Krım-tatar Akademik Musiqili Dram Teatrının qonağı olmuş, həmin səhnədə çıxış etmişdir.
Kollektiv Bakıya xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşası ilə gəlib. Azərbaycanda ilk dəfə "Üns" yaradıcılıq səhnəsində tamaşaya qoyulan "Şekspir" pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etdi. Bir sıra xarici ölkələrin teatrları, həmçinin, Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən "Avanqard" teatrı, o cümlədən, Krım-tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət ediblər.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşevdir. Rinat Bektaşevin quruluşunda tamaşa insanların incə və mürəkkəb iç dünyasına yönəlir.
Tamaşada rolları Ukraynanın əməkdar artisti Dilavər Səttarov (Sanitar), Krım MV əməkdar artistləri Eldar Cəlilov (Drob -13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (Baş həkim), Gülnar Sefedina (Hə) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalovdur.
Tamaşaçılara təqdim edilən tamaşanın ideya xətti belə bir sual üzərində qurulub: "Kimin iç dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq, topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!"
Tamaşanın süjeti isə belə bir mövzu üzərində qurulub. Ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiklərinin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına belə əl uzatmaqdan çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası öz ətrafına birləşdirir. Sara Bernarın sevimli əsəri olan "Romeo və Cülyetta" hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.
Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.
Dünən Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa maraqla qarşılandı.
Xatırladım ki, teatrın truppası ilə yanaşı, Krım-tatar xalq məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım-tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov da Bakıda səfərdədirlər. Qastrol səfəri çərçivəsində bir sıra digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər sırasında "Xəstə könül" tamaşasının Qaradağ rayonunda (21 dekabr) və Sumqayıt şəhərində (23 dekabr) göstərilməsi, eləcə də, yaradıcı heyətlə müxtəlif görüşlər də nəzərdə tutulub.
Bütün Polşa onun haqqında danışır...