Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş səfirliklərin diplomatları üçün regionlara infotur həyata keçirilmişdir. Bu infoturlar Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının 25-ci bəndində nəzərdə tutulmuş "Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri üçün Azərbaycanın turizm bölgələrinə infoturların təşkil edilməsi"nə əsasən təşkil olunub.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin diplomatları üçün zəngin turizm potensiallı Qəbələ rayonunda infotur təşkil edilib.
İnfotur çərçivəsində Qəbələ ilə yanaşı, İsmayıllı rayonu və Şəki şəhəri ilə əyani tanışlıq, ekskursiyalar, ziyarətlər və görüşlər təşkil olunub. İlk olaraq diplomatların İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ekskursiyası təşkil edilib. Qonaqlar buradakı dulusçuluq və xalçaçılıq emalatxanaları ilə, həmçinin, Lahıc tarix-diyarşünaslıq muzeyi ilə əyani tanış olublar. Daha sonra İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinə baxış zamanı rayon icra hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov qonaqları qarşılayıb. Burada fəaliyyət göstərən Ulu Öndərin həyatını, respublikamıza rəhbərlik etdiyi dövrləri, eləcə də, İsmayıllı rayonuna səfərlərini əks etdirən sərgi-ekspozisiya zalı, Heydər Əliyev irsini araşdırma mərkəzi, şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, "Bacarıqlı əllər" uşaq dərnəkləri və xalq sənətinin nümunələrindən ibarət guşə ilə tanış olublar. Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri İsmətulla İrqaşev mərkəzin "Xatirə kitabı"na ürək sözlərini yazıb. Mərkəz qarşısında xatirə şəkli çəkildikdən sonra proqrama uyğun olaraq Qəbələ rayonu istiqamətində səfər davam edib.
İnfotur iştirakçıları bölgəyə səfər proqramına uyğun olaraq, Şəki şəhərində olmuşlar. Diplomatların qədim Şəki şəhəri ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlamışdır. Daha sonra qonaqlar Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olmuşlar. Qonaqlara XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi memarlıq abidəsi olan bu sarayın Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, təqribən 1761-1762-ci illərdə tikildiyi barədə məlumat verilmişdir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. Xan Sarayında olan görüş zamanı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları səmimi salamlamış və onlara xatirə hədiyyələri təqdim etmişdir. KİV nümayəndələrinə müsahibələr zamanı qonaqlar zəngin turizm potensialına malik olan Şəkiyə səfərdən məmnun qaldıqlarını, yüksək qonaqpərvərliyə və isti münasibətə görə minnətdarlıqlarını bildirmişlər. Şəkiyə səfərləri çərçivəsində diplomatlar XVIII-XIX əsrə aid "Yuxarı Karvansara" mehmanxana kompleksi ilə də tanış olmuş, şəhərin görməli yerlərini gəzmişlər. Qonaqlar Şəkidən xoş təəssüratla ayrılmışlar. Elə həmin gün qonaqlar Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya zamanı 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin və Azərbaycanın iki min beş yüz illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik eksponatlar, arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları ilə tanış olmuşlar. Günün sonunda isə "Qafqaz Resort" otelində keçirilən İkinci Qəbələ beynəlxalq incəsənət-rəsm sərgisində iştirak etmişlər.
İnfotur zamanı otelin konfrans zalında keçirilən Azərbaycanın turizm potensialının təqdimat mərasimində Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev qonaqları salamlamış, daha sonra Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı tərəfindən təqdimat keçirilmiş və müvafiq reklam çarxı nümayiş etdirilmişdir. Diplomatlar söz alaraq yüksək səviyyədə təşkil olunmuş bu infoturda iştiraklarından məmnunluqlarını ifadə edərək, təşkilatçılara öz səmimi təşəkkürlərini bildirmişlər.
Təqdimat mərasimindən sonra Qəbələ rayonu üzrə "City Tour" (şəhər turu), həmçinin, əsası 1901-ci ildə Johan Beltmann tərəfindən Hollandiyanın Deventer şəhərində qoyulmuş və hazırda Qəbələdə fəaliyyət göstərən "Beltmann" piano zavoduna və Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavoduna ekskursiyalar təşkil olunmuşdur.
Bu infoturun təşkil olunmasında əsas məqsəd Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin diplomatlarını paytaxtla yanaşı, bölgənin turizm potensialı ilə daha yaxından tanış etmək, habelə, infoturda iştirak edən ölkələr arasında gələcəkdə turizm sahəsində əməkdaşlığa və qarşılıqlı turist mübadiləsinə nail olmaqdır.
Bütün Polşa onun haqqında danışır...