Gənc azərbaycanlı müğənni Günəş Abbasova Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi Belarus milli seçim turunun final mərhələsinə vəsiqə qazanıb.
Belarusun müsabiqə üzrə yayımçı BTRC telekanalı milli seçim turunun final mərhələsində 5 iştirakçının birincilik uğrunda mübarizə aparacağını bəyan edib. Ölkənin "Evrofest" müsabiqəsinin yarımfinal mərhələsində G.Abbasova sözləri Zəhra Bədəlbəyli, musiqisi isə İsa Məlikova məxsus olan "And morning will come" ("Sabah gələcək") mahnısını ifa edib. Yanvarın 28-də "Belarus-1" və "Belarus-TV" telekanallarının canlı efirində təmsilçinin müəyyənləşməsi üçün keçiriləcək milli seçim turunun final mərhələsində münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkəni təmsil edəcək ifaçı və mahnının adı açıqlanacaq. Belarusun "Eurovision" Mahnı Müsabiqəsində ən uğurlu nəticə 2007-ci ildə Dmitri Koldunun ifasında "Work your magic" mahnısı ilə altıncı yeri tutması olub. Bundan əlavə, İspaniya "Eurovision-2012" Mahnı Müsabiqəsinin təmsilçisi müəyyənləşdirilib. Müsabiqənin rəsmi internet saytında verilən məlumata görə, ölkənin müsabiqə üzrə milli yayımçı "TVE" telekanalı İspaniyanı "Eurovision-2012" Mahnı Müsabiqəsində musiqi yarışmalarında bir sıra uğurlara imza atmış Pastora Solerin təmsil edəcəyini bildirmişdir. P.Soler münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi nəticəsində seçilib. Belə bir mötəbər yarışmada iştirakından qürur hissi duyduğunu söyləyən P.Soler açıqlamasında müsabiqədə pop musiqi ifa edəcəyini bildirib. Gənc yaşlarından yaradıcılığa başlayan P.Solerin ilk albomu 1994-cü ildə işıq üzü görmüşdür. 2011-ci ildə o, "Ən yaxşı flamenko albomu" nominasiyasında "Latin Qremi" mükafatına layiq görülüb. 1961-cı ildən "Eurovision" Mahnı Müsabiqəsində iştirak edən İspaniya indiyədək yarışmada iki dəfə qalib olub.
Bütün Polşa onun haqqında danışır...