Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir. Qısa zaman ərzində əldə olunan nailiyyətlər, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqe, iqtisadiyyatın, sosial rifahın yüksəlməsi, Azərbaycan ətrafında yüksək imicin formalaşması ilə nəticələnib.
Mədəniyyət siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin yürütdüyü mədəniyyət siyasəti Azərbaycan mədəniyyətinin dünyada təbliğinə və tanınmasına töhfələrini verməkdədir.
Bu gün Azərbaycanın mədəniyyət aləmində baş verən uğurlar və nailiyyətlərin bir-birini izləməsi dövlət başçısının məqsədyönlü fəaliyyətinin və mədəniyyət siyasətinin bariz nümunəsi tək ortaya çıxır. Müasir estrada musiqisinin tanınan və sevilən nümayəndəsi, Bakı Musiqi Akademiyasının məzunu olan Vasif Məhərrəmli bu aləmin sıravi nümayəndəsi olaraq uğurları qurur mənbəyi tək xarakterizə etdi:
- Müasir Azərbaycan özünün yeni bir dövrünü yaşayır. Bu mərhələdə ölkənin bütün aparıcı sahələrində mövcud olan sıçrayış və irəliləyişlər diqqətdən kənarda qalmır. Milli-mənəvi dəyərləri, milli mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqini, folkloru sevən və dəyərləndirən Heydər Əliyev dövlətin çiçəklənməsində, onun dünya dövlətlərinə inteqrasiya olunmasında, bir dövlət olaraq varlığını sübut etməsinə daim diqqət ayırmışdır. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin dəyərləndirilməsi nəticəsində Azərbaycanın milli- mənəvi dəyərlərinə, mədəniyyətinə önəm verildi. Heydər Əliyevin "Mədəniyyət haqqında" Sərəncamı milli mədəniyyətin qorunub saxlanması, onun inkişafına yardım göstərmiş oldu. Təsadüfi deyil ki, bu gün Azərbaycan mədəniyyətinin mükəmməl nümunələri YUNESKO-nun dünyanın şah əsərləri sırasında yer alıb. Buna illər lazım idi ki, Azərbaycan milli dəyərləri, mədəniyyəti özünü bu şəkildə təqdim edə bilsin. Heydər Əliyevin mədəniyyət siyasəti bunun reallaşmasına gətirib çıxardı.
Azərbaycanın hər qarış torpağında izi və əməli olan Heydər Əliyev ölkə mədəniyyətini dünyaca məşhurlaşdırdı. Bu, Onun Azərbaycana olan xidmətinin, Azərbaycançılıq ideologiyasının təzahürüdür. Son illərdə mədəniyyət aləmində bir-birinin ardınca əks-səda doğuran hadisələr məhz Ulu Öndərin mədəniyyət siyasətinin uğurlu davamdır. Ulu Öndərin təməlini qoyduğu və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən layihə və islahatlar dövlətin dünyada mövqeyini nümayiş etdirib və beynəlxalq arenada müstəqil, suveren ölkə kimi səsini ucaldır. Mədəniyyət əsgəri olaraq deyərdim ki, Ulu Öndərin bir-birindən rəngarəng və fərqli olan sərəncamlarının nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyət və incəsənəti dünyanın elə bir ölkəsi, qitəsi yoxdur ki, ora yol açmasın. Diqqəti bir qədər əvvəlki onilliklərə yönəltmək istərdim. Belə ki, ötən əsrin 60-70-ci illərində baş verən mədəniyyət hadisələri elə bugünkü sənətimizin təməlini möhkəmlətmiş və ona yol açmışdır. O nəslin nümayəndələri olan sənətkarlara dövlət tərəfindən göstərilən qayğı və onların maddi rifahının yüksəldilməsi istiqamətində Prezident təqaüdlərinin verilməsi ilə bağlı məlum sərəncamlar məhz mədəniyyət sahəsinə verilən qiymət və töhfələrdir. Heydər Əliyev, həqiqətən də, dünya miqyaslı bir şəxsiyyət idi. Hər bir Azərbaycan vətəndaşı Onunla fəxr etməyə, qürurlanmağa haqlıdır. Təsadüfi deyil ki, dünya dövlətlərinin sırasında sözünü deyən Heydər Əliyev beynəlxalq aləmdə ən nüfuzlu ölkələrin prezidentləri Onunla hesablaşırdılar. Mən bir Azərbaycan vətəndaşı kimi qürur duyuram ki, Amerika və Rusiya kimi dünyaya meydan oxuyan dövlətlərin prezidentlərinin ortasında məhz Heydər Əliyev dayanırdı. Bu, artıq Azərbaycan haqqında çox əhəmiyyətli bir məsələnin açıq-aşkar təqdimatıdır. Bu kursu uğurla davam etdirən İlham Əliyev cənabları bütün sahələrə, o cümlədən, mədəniyyət aləminə də qayğı və diqqətini əsirgəmir. Onun bir-birinin ardınca imzaladığı sərəncamlar Azərbaycan mədəniyyətinin maddi durumunu yüksəltməklə yanaşı, bu sahəni aparıcı simalarının da yaradıcılıq potensialının artmasına stimul verərək, onların maddi və mənəvi tələbatlarını ödəyir. Dünyanın heç bir ölkəsində Azərbaycan mədəniyyətinə göstərilən dövlət qayğısı qədər qayğıya təsadüf olunmur.
Ölkədə aparılan abadlıq-quruculuq işləri, infrastruktur dəyişiklilər Azərbaycanın simasını dəyişməklə yanaşı, onun dünyaya inteqrasiya prosesini də sürətləndirib. Bu günlərdə Türkiyə və Almaniyadan Azərbaycana səfər etmiş sənət nümayəndələri elə təyyarədən düşən anda Azərbaycanda baş verən bu dəyişiklikləri böyük təəccüblə qarşılayaraq, qısa bir zamanda ölkənin ab-havasının, görünüşünün yeni bir görkəm almasına münasibətlərini bildirdilər. Onlar qeyd etdilər ki, biz Azərbaycana gələrkən Rumıniya, Bolqarıstan kimi bir dövlətə gəldiyimizi zənn etmişdik. Amma çox yanılmışıq.
- Vasif müəllim, bu uğur və nailiyyətlər bizi müşayiət etdikcə yeni-yeni tarixi nailiyyətlərə imza atırıq.
- Əlbəttə, bu gün Azərbaycan mədəniyyəti dünyanı fəth edir. "Eurovision - 2011" Musiqi Müsabiqəsində Azərbaycanın qalib bir dövlət olaraq beynəlxalq aləmdə bayrağını dalğalandırması, əlbəttə ki, dövlətin mədəniyyət siyasətinin qələbəsi idi. Azərbaycanın nüfuzlu, qocaman və korifey sənətkarlarının fikirlərinə istinadən deyim ki, dünyanın ən çətin musiqi ifası Azərbaycan musiqisidir. Etiraf edək ki, xarici musiqilərin, demək olar ki, əksəriyyətini Azərbaycan ifaçıları çox asanlıqla və məharətlə təqdim edirlər. Amma bizim bir muğamı qeyri-millətdən olan şəxs ən azı bir il ərzində ərsəyə gətirə bilər. Bu da bizim musiqinin zənginliyi, onun koloritli olması ilə əlaqədardır. Belə bir musiqini dünya səhnəsində layiqli bir şəkildə təqdim etmək üçün dövlət tərəfindən, demək olar ki, bütün imkanlar yaradılmışdır.
- Artıq Azərbaycanda yaşanılacaq dünyaya səs salan musiqi yarışmasının başlanmasına bir neçə ay qalıb. Bununla bağlı dövlət səviyyəsində işlər görülməkdədir. Bir musiqiçi olaraq Azərbaycana dünya şöhrət gətirən yarışma ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- "Eurovision - 2012" Mahnı Müsabiqəsinin keçirilməsinə ciddi hazırlıq işləri görülür. Bununla bağlı ölkədə böyük abadlıq-quruculuq işləri, xüsusilə, turizm obyektlərinin tikintisi və yenidən qurulması sürətlənmişdir. Sözsüz ki, bu proses müsabiqə keçirilməsə də belə davamlı olaraq reallaşır. Amma bu, işin sürətlənməsinə təkan verən amildir. Bir şəhərdə beş beşulduzlu otelin inşası artıq dövlət haqqında hər şeyi demiş olur. Ölkənin iqtisadi gücü, artan potensialı belə bir layihələrin həyata keçirilməsinə müsbət təsirini göstərir. Artıq Azərbaycan iqtisadi cəhətdən meydan oxuyur. Azərbaycan sülhsevər bir dövlətdir. Dünyaya özünün iqtisadi potensialı, sıçrayışları ilə yol açır, rəqabətə girir. Bizə müharibə etmək lazım deyil. Babəkdən, Cavidandan üzü bu yana xalqımız sülhsevər dövlət olduğunu bəyan edir. Bir vətəndaş olaraq İlham Əliyevin dünyanın ən mötəbər tribunalarında, dünya birliyində olan çıxışları bizdə münaqişənin sülh yolu ilə həllinə böyük bir inam hissi oyadır.
Biz Azərbaycanda yaşanılan çox əlamətdar ərəfədə görüşürük. Həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində. Bir musiqiçi olaraq mən də repertuarımı vətənpərvərlik mövzusunda olan mahnılarla zənginləşdirmişəm. Rəşid Behbudovun "Bakı" mahnısı üzərində çalışmışam. Sözsüz ki, o, bu mahnıya möhürünü vurub. Mahnı vasitəsilə Azərbaycanın şöhrətini, onun zəngin yeraltı sərvətlərini dinləyiciyə çatdırmaq mənim üçün qürur mənbəyidir. Qeyri-millətlər Azərbaycanın məhz nəyə qadir olduğunu və bitib-tükənməyən sərvətlərinin varlığı ilə tanış olurlar. Bəstəkar Asif Kərimovun "Azərbaycan" mahnısı da vətənpərvərlik mövzusundadır. Hazırda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Ulu Öndərim Heydər" adlı mahnı üzərində işlər gedir. Yaxın günlərdə təqdimatı keçiriləcək.
2011-ci il yadda bir sıra hadisələrlə qaldı. Belə ki, mənim də sənət aləmində "Bakılı qız"dan sonra "Sənsizlik" çox böyük əks-səda doğurdu. Hər bir sənətkar möhürünü vurduğu mahnı ilə yadda qalır. Rəşid Behbudov "Qızıl üzük" ilə, Oqtay Ağayev "Yadındamı" və başqa böyük sənətkarlarımız ilk sənət əks-sədasına səbəb olan nümunələri ilə sonrakı dövrlərdəki yaradıcılıqlarına yol açmışlar. Mən də bu istiqamətdə yolumu davam etdirirəm.
Bütün Polşa onun haqqında danışır...