Vətən dedin, torpaq dedin, xalq dedin, Bu torpaqdan ayrı səni kim sanır?!
Çağdaş poeziyamızda misraları ilə fikirlərini oxucuya çatdıran qələm sahibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, beynəlxalq mükafatlar laureatı Mövlud Teymur zamanla mühakimədə həyat reallıqların nəzmə çəkir. Bu sətirlərin qoxusundan yaradıcı şəxsin ruhunu sezməmək mümkün deyildir. İnsan təbiəti, xarakter və keyfiyyət fərdiliyi, məhz qələmə alınan nümunələrdə özünü göstərir. Dövrün, zamanın nəbzini tutmaq iqtidarında olan şairin poeziyasından müharibənin qoxusu, zamanın dəhşətləri, ictimai-siyasi mühitin diqtəsi və münasibətlər, şairi düşündürən iztirablar aşılanır və birmənalı olaraq, təqdim edilir. Onun "Haqqın ömrü", "Qar bərəkətdir", "Çox sevirəm anamı", "Qarabağ bizimdir", "Bir sözüm var", "Ürək yanğısı" kimi şeirlər kitabında şairin düşüncələri ilə tanış oluruq. Şeirlərində Mövlud Teymur insani keyfiyyətlərdən, fərdlərin cəmiyyətə olan baxış və fərziyyələrindən, bu dünyada əbədiyyətə qovuşan və sözü, hikməti ilə bu aləmə iz salan isimlərdən də söz açır. Mövlud Teymur yaradıcılığında dövlətimizin mövcud səltənətə yiyələnməsində Ulu Öndər Heydər Əliyevin əməyini şeir dilinə çevirərək, Onun bəşəriliyini qürurla tərənnüm edir. Doğma vətəninin müstəqilliyi, firavanlığı ilə dünyaya qanad açan şairin səmavi şeirlərində ürəkdən süzülüb gələn etiraflarda həyatın təzadsız məqamları nəzmə köçüb:
Mən bu dünyanın firavan övladıyam,
Azad qəlbim, azad dilim var mənim.
Ürəklərə min bir gözəllik bəxş edən,
Azad yurdum, azad dilim var mənim.
Şair tarixlərdə qalacaq ömrün xalq üçün gördüyü işləri sadalamaqla yaratdığı nümunənin məzmununa gözəllik, ülvilik bəxş edə bilmişdi. Bu məfhumlar məhz Heydər Əliyev işığından şeirə süzülüb gələrək, onun bədii mahiyyətini və dəyərini yüksəyə qaldırır. Bu günlərdə şairin çapdan çıxan "Tarixlərdə qalacaq"(şeirlər və poema) kitabı Ümummilli Lider Heydər Əliyevə həsr olunub. Şair Heydər Əliyevin Azərbaycan xalqının yaradıcısı olmasını göstərərək Onun tarixə həkk etdiyi silinməz izləri incə ştrixlərlə nəzmə çəkilmişdir. "Azərbaycan - Heydər", "Sevindirdi bu xalqı", "Unutmayaq xidmətini Öndərin", "Heydər Əliyevin heykəli önündə düşüncələr", "Misli görünməyən rəhbərdir Heydər" və s. başlıqlı şeirlərində adlarından göründüyü kimi Heydər Əliyevin böyük bir şəxsiyyət olaraq zamanla ölçülməyən əməllərini diqqətə çəkmiş, Onun fəaliyyətinin fövqündə böyük ideyaların gerçəkləşdiyini və Azərbaycanın dünyaya açılan qapılarının məhz layihələrinin gerçəkləşməsi əsasında mümkünlüyünü təsvir etmişdir. Heydər Əliyevin Tanrı tərəfindən xalqa göndərilməsini, milləti düçar olduğu ağır dərddən xilas etməsini, Azərbaycanı gülüstana çevirməsini xalqını, vətənini sevərək ömrünü bu yolda fəda etməsi ilə göstərir:
Vətəni tanıyan, xalqı tanıyan,
Doğrunu tanıyan, haqqı tanıyan.
Bu günü tanıyan, çağı tanıyan,
Ən yaxın Dost, Munis, Sərvətdir Heydər,
Misli görünməyən rəhbərdir Heydərdir.
- deyən şair Azərbaycanı qurub-yaradan, ucaldan, şöhrətləndirən, şərəfləndirən Şəxsiyyətin timsalında ölkənin nura qərq olunmasını bədii cizgilərlə Azərbaycan poeziyasına gətirmişdir. Heydər Əliyevin ədalətə, haqqa doğru irəliləməsini, demokratiya adlı bir ölkənin təməl daşını qoymasını, bu vətənə, millətə etdiyi xidməti mətanət, dəyanət kimi dəyərləri ilə həyata keçirdiyini göstərir. "Sarsıtdı ölümü məni Öndərin" şeirində Mövlud Teymur bu xəbərdən hansı hissləri özünün və ətrafının keçirməsini kövrək notlarla misraların hər birində göstərir.
Kitaba daxil olan şeirlər sırasında görkəmli otalmoloq-alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş "Sonsuz sevgi" şeiri də Onun yaradıcılığında diqqəti cəlb edir. Şeirdə Zərifə xanım Əliyevanın Böyük Şəxsiyyətin xanımı olmasını obrazlaşdırılmış bir şəkildə rəngarəng formada təqdim edir.
"Tarixlərdə qalacaq" kitabı bir ömrün həyat səhifələrini, Böyük Şəxsiyyət Heydər Əliyevin Azərbaycançılıq ideyasını özündə əks etdirir. Onun gördüyü işlər, Azərbaycana xidməti ölkənin dünya miqyasında tanınmasına, sivil ölkələr sırasına daxil edilməsinə yönəldi. Şairin saysız sayda olan əsərləri sırasında Ulu Öndərə həsr etdiyi "Tarixlərdə qalacaq" kitabı "Ağ atlı xilaskar" kitabının davamıdır. Bu kitabda da şair qələminin gücü ilə Heydər Əliyev şəxsiyyətinin müəyyən cizgilərini ifadə etməyə çalışmışdır. Azərbaycanı düçar olduğu bəladan qayıdışı ilə xilas edən, ölkənin ictimai-siyasi həyatında böyük bir dönüşə nail olan Heydər Əliyev xalqın xilaskarı kimi öz mövqeyini ortaya qoymuş oldu. Bu kitabda "O, böyük müəllim idi", "Əzəmətli ölkəmiz", "Dağ qüdrətinə", "Xalq sevir rəhbərini", "Dünyaya sığmayan dünyadı Heydər", "Böyük ömrün tarixlərdə qalacaq", "Vətən Sənlə fəxr edir", "Dirçəliş günü" və s. şeirlərdə şair Heydər Əliyevin mənalı və fədakar həyat yolundan bəhs edir. Bu nümunələr vasitəsilə Mövlud Teymur Heydər Əliyevin əzəmətini, siyasi fəaliyyətini əks etdirməklə Onun Azərbaycanın inkişafı yolunda gördüyü işlərə nəzər salır. Azərbaycanda Milli Ordunun yaradılması, qürtuluş günü, müstəqilliyin təməlinin möhkəmlənməsi, Azərbaycanın dilinin dövlət dili səviyyəsinə yüksəlməsi və s. Onun adı ilə bağlıdır. Müəllifin qələmi vasitəsilə nəzmə çəkilmiş misralarda bu fikirlər davamlı olaraq poetikləşib.
Bütün Polşa onun haqqında danışır...