Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, Azərbaycan sözügedən nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilmiş və 2012-ci il TÜRKSOY çərçivəsində "M.F.Axundzadə ili" elan edilib.
Hazırda "M.F.Axundzadə ili"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında "M.F.Axundzadə ili"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, paytaxt teatrları ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən sənət məbədlərində də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Dramaturqun doğulub boya-başa çatdığı Şəkidə keçiriləcək silsilə tədbirlərə "Hacı Qara" komediyasının nümayişi ilə start veriləcək. Şəki Dövlət Dram Teatrında hazırlanan tamaşanın quruluşçu rejissoru Mirbala Səlimlidir. Tamaşa cari ilin martında təqdim olunacaqdır.
Mingəçevir Dövlət Dram Teatrında isə ədibin bütün komediyalarından istifadə edilməklə hazırlanmış "Can bizimkilər" adlı tamaşanın məşqləri aparılır. Fevralın sonu, martın əvvəllərində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Günay Səttarovadır.
Bütün Polşa onun haqqında danışır...