Yanvar ayının 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissoru fakültəsinin IV kurs tələbələri üçün əlamətdar bir gün olub. Həmin gün onlar 4 illik təhsillərinin, əziyyətlərinin bəhrəsini bölüşdürərək, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Ər və arvad" operettasının tamaşasını nümayiş etdiriblər. "Ər və arvad" komediyasının səhnə təcəssümünə qısaca da olsa nəzər salmaq yerənə düşərdi.1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış "Ər və arvad" komediyası Şərqin ilk operettasıdır.
Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan "Ər və arvad" 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkində göstərilib və bununla da Musiqili Komediya Teatrının əsası qoyulub. Rollarda Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev çıxış ediblər. Daha sonra əsərə 1939-cu ildə və 1942-ci ildə yenidən quruluş verilmiş və böyük uğur qazanmışdır. Və ən nəhayət, 2010-cu ildə əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyləri münasibətilə yenidən tamaşaya hazırlanıb. Budəfəki quruluşun müəllifi teatrın baş rejissoru Yusif Əkbərov, quruluşçu drijoru Nazim Hacıəlibəyov, rəssamı isə Eldar Qurbanov olmuşdur. Yeni quruluşda rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, aktyorlar Ələkbər Əliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov ifa ediblər.
Musiqili Komediya Teatrı rəhbərliyinin sifarişinə əsasən Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcov partiturası qalmamış, klavirləri də tam halda əldə olmayan "Ər və arvad" operettası üzərində bərpa işi aparmış, birsəsli xor nümunələrinin ikisəsli və dördsəsli variantlarını da işləyib yazmışdır. O, əsərin klavirində olmayan bir neçə musiqi parçasını tapıb bərpa etmiş, bütünlükdə onun musiqisini yenidən orkestrləşdirmişdir. Beləliklə, kollektivin birgə səyi, gərgin əməyi nəticəsində "Ər və arvad" tamaşası müvəfəqiyyətlə özünün səhnə həyatının ikinci mərhələsinə qədəm qoymuşdur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, indi təqdim olunan tamaşada gənc aktyorlar məhz haqqında danışdığımız sonuncu quruluşdan da bəhrələniblər. Belə ki, tamaşada xalq artistləri Afaq Bəşirqızının, İlham Namiq Kamalın, əməkdar artist Əkbər Əlizadənin, aktyorlardan Gülcahan Salamovanın, Möylə Mirzəliyevin, Ağaxan Şərifovun, Hüseyn Əlilinin, Əliməmməd Novruzov və teatrın xor kollektivinin səsindən istifadə edilib. Tələbə-aktyorlarımız bu tamaşanın hazırlanma prosesində xeyli təcrübə qazandılar. Onlar teatrın ayrı-ayrı sexləri ilə tanış oldular, onlarla işləmək yollarını, qrim, işıq və səs effektlərindən istifadə etmək qaydalarını öyrəndilər. Bildiyimiz kimi, kursun rəhbəri əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Lakin böyük sayğı ilə bu kursa müəyyən vaxtlarda dərs demiş məhrum rejissorumuz Faiq Zöhrabovun və mərhum əməkdar artist Sevil Xəlilovanın da adlarını da çəkmək istərdik. Tələbələrin bu müəllimlərdən aldıqları biliklər və vərdişlər məhz belə bir maraqlı tamaşanın ərsəyə gəlməsinə səbəb olub. Tamaşada Ramil Əliyev Mərcan bəy, Aygül Orucova Minnət xanım, Tural Xəlilzadə Kərbəlayi Qubad, Günay Rəhimova və Fatimə İbrahimova Gülpəri, Zəkrulla Əlişirli Səfi, Gülnar Kərimova Arvad rollarında, kütləvi səhnələrdə isə Rəşad Nuriyev, Hüsniyyə Əliyeva, İlahə Şirinbəyli, Fərahim Xəlilov çıxış etdilər. İnanırıq ki, bu, ilk addımları onlar üçün uğurlu olacaq və onlar bundan sonrakı işlərinə daha da məsuliyyətlə yanaşacaqlar.
Bütün Polşa onun haqqında danışır...