102-ci mövsümünü yaşayan Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Son vaxtlar kollektivə daha çox yaradıcı gənclər dəvət olunub. Onların arasında aktyorlar, rejissorlar, balet artistləri, rəssamlar, yeni müəlliflər, dirijorlar, ifaçı və musiqiçilər, hətta texniki işçilər də var.
Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın qəzetimizə verdiyi məlumata istinadən, yanvarın 26-da isə teatrda daha bir müsabiqəyə yekun vurulacaq və bu müsabiqə həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə ümidverici gənclər seçilməsinə imkan verəcək.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə söhbətində bildirmişdir ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, yenicə təmirdən çıxacaq teatrda xüsüsilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hal-hazırda teatrda kadr çatışmazlığı var və yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır. Yeni seçim - yeni adları üzə çıxaracaq.
Bununla yanaşı, Əliqismət Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirmişdir. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək.
Bütün Polşa onun haqqında danışır...