Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimova həsr olunmuş "Mübarizli Vətən" adlı ədəb-bədii tədbir reallaşacaq.
Tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanmış "Mübarizli Vətən" ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Kompozisiyanın quruluşçu rejissoru, xalq artisti Ağaxan Salmanlıdır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bir sıra elm, incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri, ölkənin aparıcı mətbu orqanlarının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycanın yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyəti, onların torpağa məhəbbət hisslərinin formalaşmasında, Vətənə, xalqa sədaqət və mübarizlik əzmini gücləndirmək məqsədi daşıması haqqında fikirlərini bölüşəcəklər.
Tədbirdə, həmçinin, Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək.
Bütün Polşa onun haqqında danışır...