PDF Oxu

Mədəniyyət

  • 913

“Məqamlar” kitabının təqdimatı keçirildi

“Məqamlar” kitabının təqdimatı keçirildi

Dünən Azərbaycan Yazıçılar Birliyində Salam Sarvan, Etimad Bşkeçid və Kamal Abdullanın birgə müəllifliyi ilə "Məqamlar" kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində çıxış edən AYB sədri Anar bildirdi ki, son vaxtlar yazıçılar ədəbiyyat söhbətinə daha çox üstünlük verirlər: "Bu çox vacib və önəmli məsələlərdən biridir. Alim və görkəmli yazıçı K.Abdullanın ədəbiyyat haqqındakı fikirlərinin çox olmasına baxmayaraq, onların az bir qismi ilə tanışıq. Onun yaradıcılığına yaxından bələdəm. K.Abdulla gözəl yazıçı olmaqla bərabər, həm də dəyərli alimdir. Bu baxımdan onun ədəbiyyatşünaslığın müxtəlif aspektləri ilə bağlı fikirləri əhəmiyyətlidir." Anar Azərbaycan ədbiyyatında çoxsaylı kitabların müəllifi kimi tanınan K.Abdullanın orijinallığı, məzmunu, fəlsəfi mahiyyəti ilə seçilən əsərlərinin "Məqamlar"ın davamı olduğunu nəzərə çatdırdı. Anar söhbət əsnasında qurulan kitabın 15 məqam üzərində qurulduğunu bildirdi və müasir dövrün oxucuları tərəfindən maraqla qarşılanacağına əminliyini də ifadə etdi.

Təqdimat mərasimində çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu "Məqamlar" kitabını ədəbiyyatın içindən ədəbiyyata baxış kimi qiymətləndirdi. Kitabın içində qələm dostlarının dəyərli fikirlərinin yer aldığını bildirən A.Əmrahoğlu hər üç yazıçının söhbətində fikir ayrılığına təsadüf olunduğunu söyləyərək, bunun yaxşı cəhətlərdən biri kimi dəyərləndirdi. A.Əmrahoğlu K.Abdullanın yaradıcılıq xüsusiyyətlərini xarakterizə etməklə yanaşı, insani keyfiyyətlərinə də toxundu. Belə ki, yazıçının müdrik bir insan olaraq şəxsi keyfiyyətləri özünü daha çox büruzə verir.

Kitabda müəllifin istedadlı gənclərlə, Azərbaycan dili, milli dəyərlərlə bağlı məsələlərə yer verməsi diqqətiçəkən məqamlardır. Müəllif qələm dostları ilə söhbətində insanı düşünməyə vadar edən məqamlara toxunub. Kitab xalqın taleyini düşünən ziyalıların - üç yazıçının geniş aspektdə söhbəti əsasında təqdim olunur. Bu münasibət əsasında yeni nəşr haqqında fikir söyləməyə geniş meydan var.

Təqdimat mərasimində çıxış edən AYB-in 1-ci katibi Fikrət Qoca K.Abdullanın yaradıcılıq qayəsinə nəzər salıb, onun çağdaş ədəbiyyatımıza qələm sahiblərini yetişdirdiyini diqqətə çatdıraraq, yeni nəşrin bəzi məziyyətlərinə münasibətini ifadə etdi.

Daha sonra tədbirdə çıxış edən AYB-in katibi Rəşad Məcid, yazıçı Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, jurnalist Qulu Məhərrəmli və başqaları çıxış edərək, "Məqamlar" kitabı ilə bağlı fikirlərini söylədilər. Qeyd olundu ki, kitabda güclü estetik gücə malik olan ifadələr, cəsarətli, obyektiv fikirlər yer alıb. Son dövrdə Yazıçılar Birliyində belə geniş müzakirəyə - obyektiv fikirlərin səsləndirilməsinə səbəb ola biləcək müzakirəyə təsadüf olunmamışdır. Bunun yüksək dəyərləndirən ziyalılar onu da vurğuladılar ki, oxucular kitabın həmsöhbəti kimi müəlliflərlə birgə ədəbiyyat aləminin naməlum dərinliklərinə baş vuracaq, diqqətdə olan məqamlarla yaxından tanış olacaqlar.

Təqdimat mərasiminin sonunda müəlliflər Kamal Abdulla, Salam Sarvan, Etimad Başkeçid tədbirin təşkilinə görə, AYB-in sədrinə minnətdarlıq hissini bildirərək, bu münasibətə və müzakirədə obyektivliyə görə hər kəsə təşəkkür etdilər.

Digər xəbərlər