Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında Azərbaycanın tanınmış opera müğənnisi, SSRİ-nin xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Əhmədovanın xatirə gecəsi keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, teatrın solistləri, jurnalistlər iştirak ediblər. Teatrın direktoru Bəxtiyar Yakubov Firəngiz Əhmədovanın opera sənəti qarşısındakı xidmətlərindən danışıbdır.
SSRİ xalq artisti, tanınmış dirijor Dilbər Əbdürrəhmanov Firəngiz Əhmədova ilə həm Daşkənddə, həm də Bakıda görüşlərini xatırlamışdır. Onun sözlərinə görə, F.Əhmədova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Nigar, Fikrət Əmirovun "Sevil"ində Sevil, Müslüm Maqomayevin "Nərgiz" və "Şah İsmayıl" operalarında Nərgiz və Gülzarın partiyalarını məharətlə ifa etmiş, bu əsərlərdə Şərq qadınının obrazını məharətlə yaradıb. Firəngiz Əhmədova dünya klassiklərinin məşhur əsərlərində aparıcı partiyaların məşhur ifaçısı kimi də tanınıb.
Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev bildirmişdir ki, SSRİ dövründə tanınmış opera müğənnisi "Lenin" ordeninə layiq görülmüş, 1998-ci ildə isə Firəngiz Əhmədovanın 70 illiyi ilə əlaqədar Ulu Öndər Heydər Əliyev müğənnini müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edibdir.
Firəngiz Əhmədovanın həyat yoldaşı, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov xatirə gecəsinin təşkilinə görə teatrın rəhbərliyinə təşəkkür etmiş, F.Əhmədovanı bir sənətkar və səmimi insan kimi xarakterizə edib.
Bütün Polşa onun haqqında danışır...