Fevralın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktyor Natiq Fərzəliyevin anadan olmasının 50, yaradıcılığının 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov açaraq aktyorun yaradıcılığı haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, Natiq Fərzəliyev Azərbaycan və dünya klassiklərinin ən gözəl nümunələrində, həmçinin müasir səhnə əsərlərində müxtəlif xarakterli obrazları məharətlə yaratmışdır. Bu keyfiyyət aktyoru təkcə teatr tamaşaçılarına deyil, həm də efir məkanında tanıtmışdır. Aktyorun hər bir personajın xarakter və yaşayış tərzinə uyğun gələn cizgiləri tapmaq bacarığı onun peşəkar sənət adamı olmasından xəbər verir. Vurğulanmışdır ki, əsasən komik rolları ifa edən Natiq Fərzəliyev daha ciddi obrazlar yaratmaq potensialı olan bir sənətkardır.
Natiq Fərzəliyev M.F.Axundzadənin "Hekayəti-xırs-quldurbasan" tamaşasında Meymun, C.Məmmədquluzadənin "Qurbanəli bəy" əsərində Aşbaz, Abdulla Şaiqin "Tıq-Tıq xanım" tamaşasında Şirxan, "Yarımştat" televiziya tamaşasında Böyükkişi müəllim, "Sovqat" telefilmində Əflatun və başqa rolları ilə tamaşaçıların yaddaşında qalmışdır. Tədbirdə, həmçinin Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" birhissəli tragikomediyası nümayiş etdirilmişdir. Yubilyar bu səhnə əsərində Kişi rolunu canlandırmışdır. Tamaşa alqışlarla qarşılanmışdır.
Bütün Polşa onun haqqında danışır...