PDF Oxu

Mədəniyyət

  • 853

“İordaniya - lyubov moya (zapiski supruqi posla)” kitabının ərəb dilində tərcüməsi işıq üzü görüb

“İordaniya - lyubov moya (zapiski supruqi posla)” kitabının ərəb dilində tərcüməsi işıq üzü görüb

Azərbaycan və Rusiya yazıçılar birliklərinin, habelə, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, tanınmış yazıçı Elvira Araslının "İordaniya - lyubov moya (zapiski supruqi posla)" kitabının ərəb dilinə tərcümə olunmuş variantı çapdan çıxıb.

Müəllif E.Araslının bundan əlavə, onlarla əsəri, povesti, uşaqlar üçün nağıl və hekayələri, o cümlədən, "Saudovskaya Araviya qlazami supruqi diplomata", "Çelovek i yeqo vremya (vospominaniya ob otse)" kitabları nəşr edilmiş və ərəb, ingilis, alman, fransız, italyan, ispan, çex və dünyanın digər dillərinə tərcümə olunub.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirinin həyat yoldaşı Elvira Araslının hələ bir il bundan əvvəl "İordaniya - lyubov moya" kitabı İordaniyada nəşr olunduğu zaman MDB ölkələrinin diasporları, habelə, bu gün bir çoxlarının Krallıqda və digər ərəb ölkələrində yüksək vəzifələr tutduğu çoxsaylı sovet məzunları arasında böyük əks-sədaya səbəb olub.

Sözügedən kitab, eyni zamanda, Rusiya Federasiyasında da öz layiqli qiymətini alıb. Müəllif E. Araslı "İordaniya - lyubov moya" əsəri ilə 2008-2010-cu illər üçün "İlin ən yaxşı kitabı" nominasiyasında "Ümumrusiya Qızıl Qələmi" mükafatına layiq görülmüşdür.

Müəllif əsərində İordaniyanın tarixi zənginliyi, bu qədim torpağın bənzərsizliyi, qədim sivilizasiyaların meydana gəlməsindən bugünkü hakim kral sülaləsinədək keçdiyi şanlı tarixi yol, coğrafi xüsusiyyəti, iordaniyalıların milli-adət ənənələri, zaman-zaman bu ərazilərə pənah gətirmiş etnik azlıqlar, tarixi abidələr və s. haqqında oxucuda geniş təsəvvür yaratmağa müvəffəq olub.

Kitabın ərsəyə gəlməsi üçün lazım olan dörd il ərzində İordaniyanı qarış-qarış gəzdiyini, təbii gözəlliklər və tarixi-mədəni-dini abidələrlə tanış olduğunu, yaşlı nəsil və bədəvi tayfalarının nümayəndələri ilə söhbətlər apararaq İordaniya xalqı, adət-ənənələri barədə məlumat topladığını söyləyən E. Araslı əsərinin adını "İordaniya - lyubov moya" qoymasının təsadüfi olmadığını, bu adın onun İordaniyaya və onun dost xalqına münasibətdə keçirdiyi səmimi hisslərlə bağlılığını öz kitabında qeyd edib.

Əsərin ərəb dilinə tərcüməsi İordaniyanın Mədəniyyət Nazirliyi və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və maliyyə dəstəyi ilə baş tutub. İordaniyanın mədəniyyət naziri Cureys Səmavi isə kitaba ön söz yazıb.

Kitabın yaxın vaxtlarda İordaniya ictimaiyyətinə geniş şəkildə təqdimatı və onun ingilis dilinə tərcüməsi nəzərdə tutulur.

Digər xəbərlər