PDF Oxu

Mədəniyyət

  • 1 016

Tarixə sirdaş şairə 50 illik ömrün hesabatı

Tarixə sirdaş şairə 50 illik ömrün hesabatı

Cöz aləminin tanınıb-seçilən qələm əhli dünyanın bütövlükdə yükünü üzərinə alıb onun mənzərəsini dərk edərək, mövcud olduğu çalarlarda duyaraq, sətirlərə köçürür. Belə simaların daşıdıqları mənəvi-psixoloji gərginlik, mənəvi ağırlıq dünyanın ən ağır hesab olunan çəkisidir. Çağdaş poeziyamızda qələmi ilə seçilən, bu ağır yükü çəkmək gücündə olan şair, publisist, filoloq Zərəngiz Dəmirçi Qayalı da öz isti nəfəsi, səmimi etirafları, zamanla mühakimələri, iç dünyası ilə çarpışmaları ilə sənət dünyasında ətrafında imic formalaşdıra bilib. Onilliklərdir ki, bu meydanda sözünün kəsəri ilə tanınan şairə zamanla həqiqətlərin məsafəsində hər şeyin meyarlarını diqqətdən keçirib sözünün böyüklüyünə, fikrinin düzlüyünə inanaraq, yaradıcılıq təxəyyülünü misralarında nəzmə çəkib.

Bu gün əlli yaşını qeyd edən şairənin söz zənginliyi həyat yolunun zənginliyindən yoğrulmuş çələng kimi oxuculara təqdim olunur. Bu mənada, Zərəngiz xanımın Azərbaycan həqiqətlərini nəzmə gətirən kifayət qədər şeirləri vardır. O, son dövr hadisələrini misralara hopduraraq Xocalı soyqırımını, 20 Yanvar faciəsini yaradıcılıq yolunda ana xətt olaraq diqqətdə saxlayır.


Torpağı qucmuş bir daş olsam mən, Göylərə od salan atəş olsam mən, Tarixin özünə sirdaş olsam mən Bilin ki, türkəm!


- deyən, Zərəngiz xanım Tomiris, Nigar qeyrəti və hünəri ilə türklüyünü bəyan edərək, məğrur və dönməz Azərbaycan qadınının simasını məhz belə misralara həkk edib.

Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının üzvü olan şairənin 50 illik yubileyi münasibəti ilə Yazıçılar Birliyinin "Yazıçı" jurnalının bir buraxılışı xüsusi olaraq məhz Zərəngiz xanıma həsr olunub. Jurnala şairənin həyat ştrixlərini əks etdirən məqalələr, fotoşəkillər daxil edilib. "Ömürlüyündən" başlıqlı yazıda Zərəngiz xanımın xronoloji ardıcıllıqla keçdiyi yol sətirlərə köçürülüb. Kiçik yaşlarından şeirə maraq göstərən Zərəngiz xanım "Gənclik", "Ulduz", "Ozan dünyası" jurnallarında, eləcə də, "Ədəbiyyat və incəsənət", "Bakı", "Kaspi", "525-ci qəzet" və digər belə mətbu orqanlarda mütəmadi çap olunub. Bu günə qədər onun "Haqqı sevdim", "Vəfam mənim", "Güllələnmişlər", "Qayalı"kitabları çapdan çıxıb. "Qızıl qələm", "Məhsəti" və başqa media mükafatlarına layiq görülüb. Şeirlərinə görə isə bir sıra fəxri fərmanlarla təltif olunub, 2006-2007-ci illərin "Qadın şairi"adını alıb. "Qayalı" kitabı "2008-ci ilin Qadınşairinin kitabı" nominasiyasının qalibi olub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Cavab ver" poeması əsasında "Xocalı" tamaşası səhnələşdirilib. İranın Təbriz şəhərində "Şəhriyar" ədəbi məclisi tərəfindən şeirləri "Ziya" diplomuna, eləcə də, Türkiyənin Əskişəhər bələdiyyəsi nəzdində fəaliyyət göstərən Əskişəhər şairlər məclisinin "Şərəf" mükafatına layiq görülüb.

Jurnalda yer alan məqalələrdə şairənin sənət dünyasına verilən diqqət, onun şəxsi dəyərlərinin çözələnməsi Zərəngiz ismi ətrafında yüksək fikirlər oyadır. "Zərəngiz xanımın düşəncələri köhnəlməyəcək" başlıqlı məqalədə xalq şairi Fikrət Qoca yazır ki, Zərəngiz xanım sakit olsada, şeirlərinin içindətufanlar oynayır. Belə bir şairənin əlli illik yubileyi ilə bağlı yazdığı sətirlərdə "əlli yaşı qocalığın gəncliyi" kimi xarakterizə edir. Onun düşüncələri heç vaxt köhnəlməyəcək, - deyir.

Jurnalda xalq yazıçısı Mirvarid Dilbazinin şairə haqqında yazdığısətirləri oxuyuruq: "Onun yazdıqları məndə ümid yaratdı. İndi rahat ölə bilərəm, demək, şeir hər zaman olacaq, heç vaxt şeirin ocağı sönməyəcək". Bu sətirlərdə şairəyə gənclik dövrünün ilk illərində böyük inamın bəslənildiyini görürük.

"Eşqlə dolu bir qəlb..." başlıqlı məqalədəMilli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Nizami Cəfərov onun yaradıcılığını çağdaş ədəbiyyatda öz dünyagörüşü, öz dili, ləhcəsi ədəbi varislik ruhu olan bir şair kimi xarakterizə edir. "Səmimi təbii hisslər..." məqaləsində Vaqif Yusifli Zərəngiz xanımın şeirlərində son otuz ilin təzadlı, mürəkkəb hadisələrinin əks-sədasını eşitdiyini qeyd edir: "Bir türk qızı kimi, o, mənsub olduğu millətin, xalqın etnik tərkibin mənəvi qoruyucusu, türk qadını əxlaqının mücəssəməsi mərtəbəsindədir. O, bu mərtəbədən bizim mənəvi dəyərlərin eldən gələn yaşam ənənələrini, nənələrimizin bayatı ruhunu sevdalı dyuğularını qələmə alır". Bir-birindən maraqlı və orijinal şəkildə təqdim olunan məqalələrdə Zərəngiz xanımın şəxsi keyfiyyətləri ilə bahəm yaradıclıq irsinin şaxələrini görürük. Onun qaynaqlandığı xalq xəzinəsinin kökündə, məhz bu gün şairənin qələmində təqdim olunan incə hissləri, ali dəyərləri əxz edirik. Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, şair İlyas Tapdıq, əməkdar jurnalist Dağbəyi İsmayılov, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli və başqalarının jurnala daxil etdiyi məqalələrdə Zərəngiz xanımın vətənpərvərlik duyğuları, onun incə, kövrək təbiəti, saf, səmimi hissləri diqqəti cəlb edir. Yarım əsrlik ömür yolunun yolçusuna çevrilən Zərəngiz xanımın yaradıcılığına sevgi və diqqət məhz bu dəyərlərdən yaranmışdır.

Digər xəbərlər