PDF Oxu

Mədəniyyət

  • 826

“Motif Akademi” folklor jurnalının birinci buraxılışı Azərbaycan elm və mədəniyyətinə həsr edilib

“Motif Akademi” folklor jurnalının birinci buraxılışı Azərbaycan elm və mədəniyyətinə həsr edilib

Türkiyənin nəşri olan "Motif Akademi" folklor jurnalının birinci buraxılışı Azərbaycanın folklor, ədəbiyyat, dil və sənət araşdırmalarına həsr edilib.

İstanbulda fəaliyyət göstərən "Motif" Xalq Oyunları Təlim və Tədris Təşkilatının rəhbəri Zəki Baykalın təşəbbüsü ilə türk xalqları arasında elmi-mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədilə 2011-ci ildən etibarən bu elmi-mədəni qurumun nəşrlərində türk xalqları folkloruna və folklor araşdırmalarına geniş yer verilməsi, türk xalqlarının hər birinə ayrıca buraxılışların həsr edilməsi nəzərdə tutulub.

"Motif" Xalq Oyunları Təlim və Tədris Təşkilatının elmi nəşri olan "Motif Akademi" folklor jurnalının birinci buraxılışı "Azərbaycanın özəl sayı" olaraq təqdim edilib və Azərbaycanın folklor, ədəbiyyat, dil və sənət araşdırmalarına həsr edilib.

Qeyd edək ki, qurumun ildə 2 dəfə nəşr olunan bu elmi jurnalı Türkiyə xalq mədəniyyəti və sənətinin qorunması, yaşadılması, öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərir. Jurnalda nəşr olunan bütün məqalələr İnternet vasitəsilə jurnalın elmi heyətində təmsil olunan alimlərə göndərilir və yalnız müsbət rəy verildiyi halda qəbul edilir.

Bu münasibətlə AMEA Rəyasət Heyətində təşkil olunan görüşdə "Motif" Xalq Oyunları Təlim və Tədris Təşkilatının rəhbəri Zəki Baykal və "Motif Akademi" folklor jurnalının baş redaktoru İşıl Altun AMEA-nın "Azərbaycan folkloruna yüksək xidmət mükafatı" ilə təltif olunublar. Mükafatları qonaqlara AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov təqdim edib.

Görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar Kazımoğlu, İnstitutun aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, institutun Folklor Laboratoriyasının rəhbəri Ağaverdi Xəlilov və institutun aparıcı elmi işçisi Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində folklorun yeri və rolundan, gələcək əməkdaşlığın perspektivlərindən söz açıblar.

Sonda qonaqlar yüksək mükafata layiq görüldükləri üçün AMEA rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Digər xəbərlər