PDF Oxu

Mədəniyyət

  • 1 169

“Sahə” bədii filmi müsabiqənin nominantları sırasına daxil edilib

“Sahə” bədii filmi müsabiqənin nominantları sırasına daxil edilib

Azərbaycanın "Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi ABŞ-da keçiriləcək "Kaliforniya film mükafatları - 2011" (2011 California Film Awards) müsabiqəsinin nominantları sırasına daxil edilib.

Kinostudiyadan verilən məlumata görə, bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi təşkil edilib. Mərasimdə qaliblərin adları geniş ictimaiyyətə açıqlanıb. Mükafat alanlar sırasında azərbaycanlı rejissor, "Sahə" filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat da vardır. Həmyerlimizə "Kaliforniya film mükafatları - 2011-ci ilin "Qızıl Mükafatı" təqdim edilib.

Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina kimi ölkələri əhatə edən bu mötəbər sənət yarışmasında gənc rejissorların filmləri kino sənayesinin tanınmış ustadlarından ibarət mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Müsabiqənin əsas məqsədi kino istehsalının inkişafına və tərəqqisinə kömək göstərmək, mədəniyyət xadimlərinə, həmçinin, rejissorlara dəstək olmaq, kino sənayesinin təşəkkül tapmasına çalışmaqdır.

"Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir.

"Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "PAŞA Bank"ın iştirakı ilə ekranlaşdırılıb.

Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

Digər xəbərlər