PDF Oxu

Mədəniyyət

  • 823

“Unudulmayan tarix” mövzusunda respublika sərgi-müsabiqəsi

“Unudulmayan tarix” mövzusunda respublika sərgi-müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 2012-ci il 17 yanvar tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinin iyirminci ildönümü münasibətilə "Unudulmayan tarix" mövzusunda respublika sərgi-müsabiqəsi elan edir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgi-müsabiqə Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, əsrlər boyu başımıza gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini fevralın 20-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim edə bilərlər. Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarını, tarixən üzləşdiyimiz faciələri, həmçinin, xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət göstərməlidir.

Sərgi-müsabiqəyə 2011-ci ilin fevralında keçirilmiş sərgi-müsabiqəyə təqdim olunmuş əsərlər təkrarən verilə bilməz. Təqdim olunacaq əsərlərə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxış keçiriləcəkdir. Heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə qiymətləndiriləcək.

Müsabiqənin şərtlərinə əsasən, hər biri 1 mükafat olmaqla ən yaxşı heykəltəraşlıq əsərinə görə 5000 manat, ən yaxşı rəngkarlıq əsərinə 4000 manat, ən yaxşı qrafika əsərinə 2500 manat, ən yaxşı dekorativ-tətbiqi sənət əsərinə 2500 manat və ən yaxşı müasir incəsənət (fotoart, videoart) əsərinə görə 1000 manat pul mükafatı nəzərdə tutulub. Bundan əlavə, bütün nominasiyalar üzrə fərqlənənlərə 25 həvəsləndirici mükafat, diplom və 500 manat pul mükafatı təqdim olunacaq.

Digər xəbərlər