Azərbaycan Respublikası Prezidentinin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 17 yanvar 2012-ci il tarixli Sərəncamının icrası ilə bağlı respublikanın mədəniyyət ocaqlarında müxtəlif tədbirlər, anım mərasimləri, sərgilər təşkil ediləcəkdir. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da anılacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da teatrda yazıçı-publisist Vaqif Əlixanlının "Hardasan oğul?" əsəri əsasında səhnələşdirilən "Əcəl atı" tamaşası nümayiş etdiriləcək. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən Çarhanlı, Zenfira Əbdülsəmədova, Natiq Fərzəliyev, Ədalət Əbdülsəmədov, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid Orucoğlu, Fidan Abbasova, Nuriyə Əliyeva canlandıracaqlar.
Bütün Polşa onun haqqında danışır...