Fevralın 18-də Akademik Milli Dram Teatrında M.Frişin "Don Juan və ya həndəsəyə məhəbbət" əsəri əsasında hazırlanan "Don Juan və həndəsə" adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir. Bu tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAM-ın teatr məkanı" layihəsinin tərkib hissəsidir. Bəlli olduğu kimi, ötən il Akademik Milli Dram Teatrının GUAM ölkələrinin teatr əməkdaşlığı ilə bağlı böyük miqyaslı bir layihə həyata keçirməyə başladı. Teatrın Ukraynaya qastrol səfəri, Krımtatar Akademik Musiqili Dram Teatrının Elçinin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşasının Akademik Milli Dram Teatrının səhnəsində nümayişi, gürcü rejissoru Levan Tsuladzenin, moldovalı Petru Vutkeraunın Akademik Milli Dram Teatrına quruluş üçün dəvət olunması bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir. Onu da qeyd edək ki, "GUAM-ın teatr məkanı" layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha çox strateji məqsədlərə yönələn bu layihə gələcəkdə də davam etdiriləcək. Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında səhnəyə qoyulmasını, həmçinin, milli səhnəmizdə Gürcüstan, Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü, bütün sahələrdə qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.
"Don Juan və həndəsə" tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Levan Tsuladze, geyim üzrə rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Zurab Qaqloşvili, xoreoqrafı Giorgi Marqania, rejissor assistentləri Rəfiqə Musayeva və Anar Sadıqovdur. Tamaşada xalq artisti Rafael Dadaşov (Don Qonsalo), əməkdar artistlər Əli Nur (Tenorio), Elşən Cəbrayılov (Don Rodreqo), Vəfa Rzayeva (Donna Elvira), Ayşad Məmmədov (Dieqo ata), aktyorlar Elşən Rüstəmov (Don Juan), Nigar Güləhmədova (Miranda), İlahə Həsənova (Donna Anna), Şəlalə Şahvələdqızı (Selestina), Rövşən Kərimduxt (Don Baltasar Lopes) və Aslan Şirinov (Loperello) çıxış edirlər.
Qeyd edək ki, əsəri Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.
Bütün Polşa onun haqqında danışır...