PDF Oxu

Mədəniyyət

  • 1 348

Sibir buzlaqlarında susan ömür

Sibir buzlaqlarında susan ömür

"Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur"


Azərbaycan dramaturgiyasında, fəlsəfi fikir tarixində Hüseyn Cavid ismi ilə yeni bir səhifəni açan və müxtəlif məzmunlu saysız əsərlərini bir-birinin ardınca oxuculara təqdim edən sənətkar bir əsrdən artıq zamanda hər kəsin mənəvi tələbatını ödəyə biləcək irsin müəllifinə çevrilib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindəndir. Janr və forma cəhətdən zəngin olan Hüseyn Cavid sənətinin əsasında lirik şeirləri, lirik-epik, epik poemaları, dramları dayanır. O, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Qeyd edək ki, "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

İbtidai təhsilini Naxçıvanda molla məktəbində alan Cavid orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində davam etdirir. O, 1899-1903-cü illərdə Cənubi Azərbaycana gedir, Təbrizin "Talibiyyə" mədrəsəsində elmi biliklərə yiyələnir. Daha sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edir.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. 20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlarını qələmə alır. "Peyğəmbər" və "Topal Teymur" əsərlərindən sonra yazdığı "Səyavuş", "Xəyyam" tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olur. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada dünyasını dəyişmişdir.

Şairin anadan olmasının 100 illik yubileyi ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilmiş, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır. Bütün bunların Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin milli dəyərlərə, sənətkarlara verdiyi qiymətin bariz nümunəsi olduğunu qeyd etməliyik. Məhz Onun göstərişi əsasında, nə qədər çətin bir iş olmuş olsa da, Uzaq Sibirdən Hüseyn Cavidin nəşi gətirilərək öz vətənində torpağa tapşırıldı.

Hüseyn Cavidi Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı kimi xarakterizə edirlər. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.

Hüseyn Cavid nəinki Azərbaycan, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamı kimi qiymətini alıb. Onun əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir - inamlı, inadlı, ilahi. 1937-ci ilin qovğaları Azərbaycan ictimai- mədəni həyatının ən mükəmməl ziyalılarını sıradan çıxardı. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid idi. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat etdi. Xatırladırıq ki, 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış ziyalıları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələni etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın.

Hüseyn Cavid yaşadığı zamana, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy qədər fərq vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından, Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya qoyub. Dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:

"Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur".

Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır. Şeyx Sənan göyə ucalmaq rəmzidir, əslində. Göyə yüksəlmək - insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır. Cavidşünasların gəldiyi qənaətə görə, şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, ülviyyətsizliyinə qarşı durmağa çağırırlar.

Cavid "Peyğəmbər" əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib. Cavidin "Səyavuş"unun qəhrəmanı ülvi, müqəddəs duyğular yiyəsidir. Göy hökmü, göy çağırışı düşür göy inamlı Səyavuşun aqibətinə. Səyavuş da göy idrakına yüksəlir, yetir. Həsrət göyünə yüksəlir, Səyavuş dərd çəkir, dərdə batır. Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik - İnsansızlıqdan yaranır.

Ədəbiyyatşünas Yaşar Qarayevin qeyd etdiyi kimi, bədii-fəlsəfi ümumiləşmə nəticəsində əsas qayə və niyyət dünyanı və təbiəti indi də gözləyən İblis təhlükəsi qarşısında insan cavabdehliyi ideyası çox aktual, müasir səslənmək imkanı əldə edir. Cavidin "İblis" pyesinin əsas ideyası isə ondan ibarətdir ki, İblis yalnız xəyallarda yaşayan mifik bir varlıq deyil, o, həyatda, "cümlə xəyanətlərə bais" olan insanların alleqorik bir obrazıdır.

Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz insani imkanlarına inanmayanlara qarşı vuruşurlar.

Hüseyn Cavid "Topal Teymur"unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər, zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.

1935-ci ildə yazılmış "Xəyyam" pyesi öz əsrinin böyük alimi, şairi və filosofu sayılan Ömər Xəyyama həsr olunmuşdur. Qeyd etməliyik ki, "Xəyyam" pyesində Cavid fəlsəfi - estetik baxımdan şərh olunan Şərq intibahı məsələsini ön planda vermişdir. Məlumdur ki, fövqəladə dramaturji istedada malik olan Cavid təsirli ekspozisiya yaratmağın ustası idi. Bir tərəfdən, dramaturq mütəfəkkir Şərqi, mədrəsə həyatını, digər tərəfdən isə məscidi, yəni dünyəvi hisslərlə dini dünyagörüşünün təzadını göstərmişdir. Qeyd etməliyik ki, bu təzad pyesin əsas dramaturji ideyasını üzə çıxarır.

Azərbaycan bəstəkarı Cahangir Cahangirovun "Xəyyam" tamaşasına yazıdığı musiqidə pyesin hadisələri cərəyan edən tarixi dövrü və məkanının təsviri ustalıqla verilmişdir. Tamaşaya yazılmış musiqi bəzi məkan və zaman işarələrini özündə əks etdirir. Müharibədən qələbə ilə qayıdan Alp Arslanı təmtəraqlı hərbi musiqi müşayiət edir. Şübhəsiz ki, bu qısa musiqi parçasını müharibədən zəfər ilə qayıdan və məhvedici qüvvəyə malik olan Alp Arslan ordusunun leytmotivi hesab etmək olar. "Xəyyam" tamaşasına yazılmış parçalar arasında Bağdad xəlifəsinin saray qızlarının rəqsi maraq doğurur. Lakin qeyd etmək lazımdır ki, bəzi hallarda təsviredici musiqi özündə böyük psixoloji məna da daşıyır. Cahangir Cahangirovun "Xəyyam" tamaşasına yazdığı musiqi Cavid poetikası ilə həmahəng səslənir və pyesin aparıcı ideyasının açılmasında önəmli rol oynayır.

İntellektual, fəlsəfi baxımdan dərin, süjetlə zəngin, dramatizm etibarilə qüvvətli olan Cavid dramaturgiyası bütün dövrlər üçün aktual səciyyə daşımışdır. Bu müasirliyin, aktuallığın əsas səbəbi ondan ibarətdir ki, heç bir qəlibə, "sosialist realizmi" məfkurəsinə sığmayan Cavid dramaturgiyası ani süjetlər, ötəri konfliktlər əsasında deyil, qlobal, kosmik, universal ideyalar əsasında qurulmuşdur. Dərin fəlsəfi ümumiləşdirmələrlə zəngin olan Cavid dramaturgiyasının əhəmiyyəti təzadlı, mürəkkəb keçid dövrlərində daha da artır. Dünya incəsənət tarixinin icmalı göstərir ki, romantizm adətən müxtəlif xalqların inkişafının mənəvi oyanma dövründə müşahidə olunur.

Cavidin romantik teatrından yazan C.Cəfərov qeyd edir ki, "Azərbaycanda poetik teatrın banisi Caviddir və bir bani olaraq, onun yaratdığı teatrın hüsnü orasındadır ki, ritorik və didaktik şeir ənənələrinə əsaslanmır." Romantik, poetik bir teatr kimi Cavid teatrında bədii şərtiliklərdən, məcazi ümumiləşdirmələrdən, rəmzi keyfiyyətlərdən geniş istifadə edilir.

Qeyd etməliyik ki, "Cavid teatrı"nın ən səciyyəvi tərəflərindən biri onun musiqi ünsürü ilə bağlılığıdır. Cavid teatrının xüsusi musiqi təbiəti haqqında bir çox alimlər fikir söyləmişlər. Məsələn, qeyd olunmuşdur ki, hətta əsasən, realistik səpgidə yazılmış əsərlərdə belə Cavid xəyal, nəğmə, rəqs ünsürlərindən istifadə edir. Bütün bunlar Cavid şeirinin musiqisi, ritmik gözəlliyi ilə birlikdə səhnə sənətinə yeni keyfiyyət aşılayır, səhnəyə yeni əlvanlıq gətirir.

Cavid şeiriyyəti bədii ifadə üsullarının zənginliyi, ahəngi və axıcılığı baxımından son dərəcə musiqilidir. Digər tərəfdən Cavidin pyeslərinin remarkalarında müxtəlif musiqi janrlarının, alətlərin, türkü və muğamların adlarına o dərəcədə tez-tez rast gəlirik ki, düşünmək olar ki, şair öz əsərlərini yaradarkən, onların musiqi təcəssümünü də görürdü.

Həqiqətən də, bəşəri ideyaları ilə dünyaya sığmayan Hüseyn Cavid şeiriyyəti, dramatizmi, fəlsəfi görüşləri, bütün insanları düşündürə biləcək əsərləri ilə dünyəvi şair olaraq tanınır. Hüseyn Cavid dünyası məşəqqətli keçib, bu yol onun yaradıcılığının əsasında ana xətt olaraq diqqətdə saxlanılır. Cavid düşünür, düşündürür. Həyatı dərk etdiyi qədər də oxucusuna sirli dünyanın dərin qatlarını açıb onları yol yolçusuna çevirir.


ZÜMRÜD

Digər xəbərlər