Moskvada Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun sərgisinin açılış mərasimi keçirilib.
"Qəlbin iki qanadı" adlanan sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu rəssamın öz tarixi vətənini tərənnüm edən yüksək yaradıcılığını Rusiya ictimaiyyətinə təqdim etmək imkanı yaratdığına görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Əsgər Məmmədovun istedadını yüksək qiymətləndirib: "Bu sərgi rəssamın bənzərsiz və təkrarsız sənəti vasitəsilə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi baxımından əlamətdar hadisədir".
Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Qeniyeva çıxışında bu kitabxanada Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılmasına və belə gözəl tədbirlər keçirilməsinə görə Heydər Əliyev Fondunun nümayəndəliyinə təşəkkürünü bildirib. O, Ə.Məmmədovu sərgisinin açılışı münasibətilə təbrik edərək, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubunu oxuyub.
Əsgər Məmmədov Moskvada onun fərdi sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə, bu təşəbbüsü dəstəkləmiş bütün insanlara təşəkkürünü bildirib. O, sərginin "Qəlbin iki qanadı" adlanmasında Azərbaycanı və Rusiyanı nəzərdə tutduğunu söyləyib.
Qeyd edək ki, sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən, Xocalı faciəsinə, Qarabağ dağlarına, ölkəmizin tarixinin müxtəlif mərhələlərinə həsr edilmiş əsərləri təqdim olunub. Sərgi martın 11-dək davam edəcək.
Bütün Polşa onun haqqında danışır...