Fevralın 20-də Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Bakıda ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində gənc aktyorlar və teatrşünaslar üçün "Marketinq və tamaşaçı şəbəkəsinin yaranması" mövzusunda seminar keçirilib. Beynəlxalq teatr layihələri üzrə əlaqələndirici Şaiq Səfərov tədbirin əhəmiyyətindən danışıb.
Diqqətə çatdırıb ki, ASSİTEJ 1965-ci ildə uşaq və gənclər teatrları mütəxəssislərinin beynəlxalq alyansı kimi yaradılıb. Təşkilatın hazırda dünya üzrə 84 milli mərkəzi fəaliyyət göstərir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da ASSİTEJ-ə üzv seçilmiş və təşkilatın Azərbaycan milli mərkəzi yaradılıb.
Bildirilib ki, fevralın 20-dən 26-dək Bakıda ASSİTEJ-in İcra Komitəsinin toplantısı keçiriləcək. Toplantı çərçivəsində 3 seminar təşkil ediləcəkdir. Bu tədbirlərdə gənc mütəxəssislər müasir dünya teatrlarında baş verən proseslərlə tanış olacaqlar. Şaiq Səfərov demişdir ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində təşkil edilən bu seminarlar ölkəmizdə teatrın inkişafına öz müsbət təsirini göstərəcək. Seminarda ABŞ, Avstraliya, Kamerun və meksikalı mütəxəssislər müasir teatrların inkişaf istiqamətlərindən, bu teatrlara tamaşaçıların cəlb edilməsindən, tamaşaların onların zövqünə uyğun hazırlanmasından geniş söz açıblar. Mütəxəssislər vurğulayıblar ki, marketinq işinin yaxşı qurulması tamaşaçı ilə teatr arasında sıx münasibətlər yaradılmasına, tamaşaçının teatrlara cəlb edilməsinə və onlar arasında sorğuların keçirilməsinə gətirib çıxarır. Bu da, öz növbəsində, hər bir teatrın inkişafına müsbət təsir göstərir.
Bütün Polşa onun haqqında danışır...