Ukrayna paytaxtının "Mironova Gallery" qalereyasında "Döyüş qardaşlığı" Beynəlxalq Xeyriyyə Fondunun ümumukrayna layihəsinin tərkib hissəsi olan "Müharibə uşaqlığı oğurlayır" mövzusunda sosial fotosərginin açılışı olub.
Ekspozisiya münaqişə zonalarında yaşamağa məcbur olan uşaqlara həsr edilmişdir. Sərgidə "qaynar nöqtələrdə" çəkilişlər aparan dünyanın aparıcı fotoreportyorlarının işləri nümayiş etdirilir.
Çoxsaylı nüfuzlu mükafatlara layiq görülmüş bu fotoqrafları bütün dünya tanıyır. Onların əsərləri dünyanın ən yaxşı muzeylərində saxlanılır, aparıcı nəşrlərin üz qabığını bəzəyir və məşhur hərraclarda satışa çıxarılır.
Onlardan biri Aleksandr Qlyadelovdur. O, Ukraynada "Sərhədsiz həkimlər" Beynəlxalq Təşkilatı ilə sıx əməkdaşlıq etmiş, Dağlıq Qarabağ, Somali, Cənubi Sudan, Çeçenistan, Dnestryanı bölgə və s. kimi "qaynar nöqtələrdə" münaqişələri işıqlandırmış yeganə fotoqrafdır.
Onun sərgidə nümayiş etdirilən əsərləri arasında erməni işğalçılarına və cinayətkarlarına fotoittiham - "Qarabağ qaçqınları Sumqayıt ətrafında. Azərbaycan.1997" yer almışdır.
Aleksandr Qlyadelov 1956-cı ildə Polşanın Leqnitsa şəhərində anadan olmuşdur. 1974-cü ildən daimi olaraq Kiyevdə yaşayır. 1996-cı ildən diqqətini uzunmüddətli sənədli fotolayihələrə, o cümlədən, sosial qayğıya ehtiyacı olan binəsib uşaqlara yönəltmişdir.
A.Qlyadilyev öz yaradıcılığından danışaraq demişdir: "Fotoşəkil obrazlarla düşünməkdir. Sən sanki bütün ömrünü fotoşəkillərdə yaşayırsan. Bu, təkcə hisslər deyil, həm də təfəkkürdür.
Fotoşəkillərim hisslərim kimi həmişə düşüncələrimi qabaqlayır. Mən analitik fotoqraf deyiləm, mən hisslərin fotoqrafıyam".
Sərgi əsnasında "Döyüş qardaşlığı" Fondu "Yaddaş durnası" Ümumukrayna aksiyasını təqdim etmişdir. Arzu edən hər kəs həlak olmuş insanların xatirəsinin rəmzi və yaxşı həyata ümid kimi kağız durna oriqami hazırlaya bilər. Aksiya fevralın 29-da başa çatdıqdan sonra kağız durnalardan installyasiya yaradılacaq və layihə dövründə Ukraynanın bir çox şəhərlərində nümayiş etdiriləcək.
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları sərgidə olmuşlar.
"Müharibə uşaqlığı oğurlayır" fotosənədlər ekspozisiyası Kiyev təqdimatından sonra Ukraynanın bir çox şəhərlərində nümayiş etdiriləcək.
Bütün Polşa onun haqqında danışır...