Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun etnoqrafiya fondunun təşkilatçılığı və paytaxtdakı 1 nömrəli orta məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə "Xıdır Nəbi" bayramı keçirilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bu tədbirin milli-mənəvi mədəniyyətimizin unudulmaqda olan bayramlarını yada salmaq, onları təbliğ etmək, gənc nəslin folklorumuza, adət-ənənələrimizə marağını artırmaq məqsədi ilə keçirildiyini bildirib. Qeyd olunub ki, qədim dövrlərdən başlayaraq, bütün türk xalqları arasında keçirilən bu bayram doğma yurdumuzda hər il qış yarı olanda - el arasında böyük çillə və kiçik çillə kimi adlanan müddətin arasında keçirilir.
Muzeyin etnoqrafiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova türk mifologiyasında özünəməxsus yer tutan Xızır obrazı haqqında məlumat verib. Bildirilib ki, bu ad türk xalqlarının dastanlarında Hızır, Hıdır, Azərbaycanda isə Xızır kimi müxtəlif variantlarda özünü göstərib. Kiçik çillənin "Xıdır Nəbi" adlanan ilk 10 günü çox sərt keçdiyindən qədim zamanlardan insanlar ondan qurtulmaq arzusu ilə Xıdır Nəbini köməyə çağırmış və bu məqsədlə müəyyən ayinlər icra etmişlər. Əski inanca görə Xıdır gələrsə, ardınca bol-bərəkətli, əkin-biçinli yazı gətirər, camaat soyuqdan, aclıqdan xilas olar.
Tədbirdə 1 nömrəli məktəbin şagirdləri və Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin "Qarabağ bülbülləri" ansamblı üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Bütün Polşa onun haqqında danışır...