PDF Oxu

Mədəniyyət

  • 1 247

“Xocalı faciəsi: insanlığa qarşı cinayət”

“Xocalı faciəsi: insanlığa qarşı cinayət”

XX əsrin tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsində tədbirlər planına uyğun olaraq "Xocalı faciəsi: insanlığa qarşı cinayət" mövzusunda elmi konfrans keçirilib.

Öncə Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, qeyd edib ki, hər il ölkəmizdə və ölkəmizdən kənarda Xocalıda törədilən soyqırımı qurbanları anılır, ermənilərin günahsız əhaliyə qarşı törətdikləri vəhşiliklərdən söz açılır. Ancaq təəssüflər olsun ki, bu misli görünməmiş soyqırımı cinayətini lazımi səviyyədə dünyaya çatdıra bilməmişik, geniş təbliğ edə bilməmişik.

Ermənilərin törətdikləri cinayətlərin mahiyyətini tədbir iştirakçılarına açıqlayan akademik erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı faciələrinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin imzaladığı tarixi fərmanların əhəmiyyətindən söz açıb. O, son illər beynəlxalq ictimaiyyətin faciə ilə bağlı ətraflı məlumatlandırılması istiqamətində ölkədə həyata keçirilən işlərdən danışaraq, qeyd edib ki, ardıcıl olaraq təkcə Xocalı soyqırımı deyil, Ermənistanın Azərbaycan xalqına qarşı zaman-zaman apardığı məqsədyönlü soyqırımı, reperessiya və deportasiya, etnik təmizləmə, ərazilərimizin işğal edilməsi tarixinin əsaslı şəkildə çatdırılması istiqamətində işlər davam etdirilməlidir.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev "Xocalı faciəsinə gedən yol", həmin institutun böyük elmi işçiləri Zakir Rzayev "Xocalı faciəsi: səbəbləri, nəticələri, dərsləri" və Sara Hacıyeva "Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin tərkib hissəsidir" mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən deportasiya və soyqırımı faciələri barəsində konfrans iştirakçılarına ətraflı məlumatlar verilib. Xocalı faciəsində erməni millətindən olan şahidlərin faciənin vəhşiliyinin miqyasını göstərən yazılarından sitatlar gətirilib. Qeyd olunub ki, Xocalı faciəsindən 20 il keçməsinə baxmayaraq, bu soyqırımı heç zaman yaddaşlardan silinməyəcək.

Sonda videogörüntü vasitəsi ilə 20 il bundan öncə Xocalıda törədilən dəhşətli faciənin unudulmaz kadrları izlənilib, "Əsrin faciəsi-Xocalı soyqırımı" başlığı altında təşkil edilmiş sərgi nümayiş etdirilib.


Digər xəbərlər