Fevralın 26-da "Nizami" kinoteatrında ANS müstəqil yayım və media şirkətinin, milli qəhrəman Çingiz Mustafayev adına Fondun və "Bakıfilm" kinostudiyasının birgə istehsalı olan "Xoca" bədii filminin ilk nümayişi olunub. Mərasimdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Qeyd edim ki, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən ekran əsəri Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə çəkilib.
Xocalı qətliamının 20-ci ildönümünə həsr olunan, faciəni bütün miqyası ilə özündə əks etdirən 108 dəqiqəlik bu bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir. Yüksək səviyyədə çəkilmiş "Xoca" filmi Azərbaycanın ən yeni tarixini əks etdirən mükəmməl ekran əsəridir. Film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab-əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir.
Film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.
Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli olduğumuz və heç zaman unutmayacağımız Azərbaycanın yeni tarixinin səhifələrindən biridir. Ermənilərin Azərbaycanın qədim Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edən filmin ana xəttini müharibələrin bütün mümkün gözəlliklərə qarşı çevrilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınması təşkil edir.
Qeyd edək ki, filmin əsas çəkilişləri Şəkinin Bdeyis kəndində aparılıb və onun ərsəyə gəlməsində iki minədək adam iştirak edib. İran kinematoqrafçıları ilə birgə istehsal edilmiş bu ekran əsərinin çəkilişlərinə külli miqdarda silah-sursat, şəxsi heyət və zirehli texnika cəlb olunub. Erməni-sovet silahlı birləşmələri ilə qeyri-bərabər vuruşmada Azərbaycan döyüşçülərinin göstərdikləri müqavimət inandırıcı təsvir edilib.
Filmdə əsas rolları İlqar Musayev, Nigar Bahadırqızı, Elnur İsmayılov, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və başqaları ifa ediblər. "Xoca" filmi ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. Xocalı soyqırımının dəhşətlərini əks etdirən bu ekran əsərinə Bakının kinoteatrlarında, həmçinin, Gəncə, Şəki, Şirvan, Bərdə və digər rayonların mədəniyyət ocaqlarında, teatrlarında tamaşa etmək mümkündür.
Bütün Polşa onun haqqında danışır...