PDF Oxu

Mədəniyyət

  • 876

ASSİTEJ-in İcra Komitəsinin toplantısı başa çatıb

ASSİTEJ-in İcra Komitəsinin toplantısı başa çatıb

ASSİTEJ-in İcra Komitəsinin toplantısının bağlanış mərasimi gerçəkləşib. Mərasimdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov qonaqlara təşəkkürünü bildirərək, toplantının hər iki tərəf üçün uğurlu nəticələr əldə edəcəyindən danışaraq, toplantı çərçivəsində keçirilən seminar və treninqlərin öz müsbət təsirini göstərdiyini bildirib.

Bağlanış mərasimində Azərbaycanın ən faciəli günü olan Xocalı soyqırımının 20-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdıran M.Həmidov faciə haqqında qonaqlara ətraflı məlumat verib. "Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ASSİTEJ-in prezidenti İvetta Hardi toplantının faydalı nəticələrlə yekunlaşdığını, müzakirələrin səmərəli və uğurlu olduğunu dilə gətirərək, yaradılan yüksək təşkilatçılıq işinə və Azərbaycanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Milli Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra toplantıda iştirak edən Almaniya, İslandiya, Hindistan və digər ölkələrin təmsilçiləri çıxışlarında Azərbaycan mədəniyyəti, teatr və musiqi sənətinin onları valeh etməsi barədə məftunluqla danışaraq, "Biz özümüz üçün Azərbaycan adlı yeni və əsrarəngiz bir ölkə kəşf etdik və bundan çox məmnun olduq" söyləyiblər.

Qeyd edək ki, ASSİTEJ-in İcra Komitəsinin toplantısı Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Digər xəbərlər