PDF Oxu

Mədəniyyət

  • 2 287

“Füzuli. Poeziya və musiqi” adlı ədəbi-bədii gecə

“Füzuli. Poeziya və musiqi” adlı ədəbi-bədii gecə

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə Daşkənd Mədəniyyət Kollecində dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş "Füzuli. Poeziya və musiqi" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycanın və Türkiyənin Özbəkistandakı səfirliklərinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, Özbəkistan Təhsil Nazirliyinin nümayəndələri, kollecin müəllim və tələbələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə tarix elmləri doktoru İkramiddin Astanakulov açaraq, böyük Azərbaycan şairi Məhəmməd Füzulini filosof-şair adlandırmış, şairin yaradıcılığının bütün müsəlman Şərqinin poeziyasına təsirindən danışmışdır. Onun sözlərinə görə, Azərbaycanda Füzulini nə qədər sevirlərsə, Özbəkistanda bu böyük şairə elə o qədər hörmət, ehtiram var və biz Füzulini tərcüməçisiz oxuyuruq. Sonra o dahi şairin "Məni candan usandırdı" qəzəlini Azərbaycan dilində söyləmiş və qeyd etmişdir ki, bu qəzəldə bizim üçün anlaşılmayan söz yoxdur. Səfirliyimizin ikinci katibi Səbuhi Əhmədov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qədim köklərini diqqətə çatdıraraq, belə tədbirlərin daha çox keçirilməsinin vacibliyinə toxunub.

Kollecin müəllim və tələbələri böyük şairin qəzəllərinə yazılmış muğam və mahnıları, Özbəkistanın xalq artisti Ulmas Rəsulov isə kamançada Azərbaycan musiqi nömrələrini ifa edib, çıxışlar alqışlarla qarşılanıb.

Kollecin direktoru İlxomcon Dexkanov tədbirin əhəmiyyətindən danışaraq, təşkilatçılara minnətdarlıq edib. Sonra təhsildə fərqlənən tələbələrə səfirlik adından hədiyyələr, həmçinin, böyük şairin özbək dilində çap edilmiş toplusu, Azərbaycanın turizm potensialını əks etdirən disklər verilib.

Digər xəbərlər