AMEA Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdala həsr olunmuş "Tur Heyerdal - Kon-Tiki adamı" ("Tur-Heyerdal - Kon-Tiki Man") sərgisinin açılış mərasimi keçirildi.
Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasında səfirliyi və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı. O, məşhur Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəccübləndirmiş Tur Heyerdalın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Məşhur səyyahın fəaliyyətinin bir qisminin Azərbaycanla bağlı olduğunu söyləyən N.Vəlixanlı 1981-ci ilin avqustunda Tur Heyerdalın ilk dəfə Bakıya gəldiyini, dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və inandırıcı faktlarla əsaslandırdığını bildirdi.
N.Vəlixanlı qeyd etdi ki, öz təəssüratlarını, xatirələrini, səyahət zamanı müşahidə etdiyi, tədqiqat apardığı məsələlərlə bağlı problemləri, araşdırmaları qələmə alan məşhur səyyah 10-dan çox kitab və monoqrafiyanın müəllifidir. Əslində, onun bu yazılı məlumatları keçirdiyi həyat yolunun sənədli ensiklopediyasıdır.
Tədbirdə çıxış edən Kon-Tiki Muzeyinin direktoru xanım Maja Bauge və Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq bildirdilər ki, okeanlarda, dənizlərdə öz gəmisi ilə üzən dünya şöhrətli səyyah Tur Heyerdalı Azərbaycanda da olmağa sövq edən adi səyyahlıq, macəraçılıq yox, elmi həvəs, dünyanı dərk etməyə, təbiəti və onun sirlərini öyrənməyə olan dərin marağı idi.
Sonda çıxış edən görkəmli alimin oğlu, İdarə Heyətinin sədri kiçik Tur Heyerdal atasının xatirəsinə göstərilən diqqət və hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Atasıyla bağlı xoş xatirələrini bölüşdü.
Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıqlar və qısametrajlı film nümayiş etdirildi.
Qeyd edək ki, sərgi 31 may tarixinədək fəaliyyət göstərəcək.
Bütün Polşa onun haqqında danışır...