PDF Oxu

Mədəniyyət

  • 2 086

“Şekspir” pyesi dünya teatr ictimaiyyətinin diqqətində

“Şekspir” pyesi dünya teatr ictimaiyyətinin diqqətində

Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanan yeni tamaşanın premyerası keçiriləcək. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə "Üns" Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan "Şekspir" pyesi tezliklə dünya teatr ictimaiyyətinin də diqqətini cəlb etdi. Bir sıra xarici ölkələrin teatrları, həmçinin, Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən "Avanqard" teatrı, o cümlədən, Krım-tatar Akademik Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət etdi. Bu dəfə isə Elçinin "Şekspir" əsəri Akademik Milli Dram Teatrının səhnəsində təcəssüm tapacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun "SƏS" qəzetinə verdiyi məlumata görə, tamaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan "GUAMın teatr məkanı" layihəsinin tərkib hissəsidir. Bəlli olduğu kimi, ötən il Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatr əməkdaşlığı ilə bağlı böyük miqyaslı bir layihə həyata keçirməyə başladı. Teatrın Ukraynaya qastrol səfəri, Krım-tatar Akademik Musiqili Dram Teatrının Elçinin "Şekspir" əsəri əsasında hazırladığı "Xəstə könül" tamaşasının Akademik Milli Dram Teatrının səhnəsində nümayişi, gürcü rejissoru Levan Tsuladzenin, moldovalı Petru Vutkereunun Akademik Milli Dram Teatrına quruluş üçün dəvət olunması bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir. Onu da qeyd edək ki, "GUAM-ın teatr məkanı" layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha çox strateji məqsədlərə yönələn bu layihə gələcəkdə də davam etdiriləcək. Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında səhnəyə qoyulmasını, həmçinin, milli səhnəmizdə Gürcüstan, Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü, bütün sahələrdə qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyalında qurduğu dünyasında yaşayır. Marslı saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləyir. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzağına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası öz ətrafına birləşdirir. Sara Bernarın sevimli əsəri olan "Romeo və Cülyetta" hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.

Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13 də onun əsərlərindəki insan hisslərinin böyüklüyünə, gözəlliyinə heyran qalır və təəssüflə etiraf edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da, onlarda teatr yoxdur. Söz verir ki, öz planetinə qayıdan kimi, oradakılara Şekspirin kitabını göstərəcək.

Tamaşanın quruluşçu rejissoru Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada xalq artisti Ramiz Novruz (Stalin), əməkdar artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) Anar Heybətov (Drob 13), Elşən Rüstəmov (Drob 13) və çıxış edirlər. Tamaşanın premyerası 6 mart saat 19.00-da keçiriləcək.

Digər xəbərlər