Opera və Balet Teatrından "Səs" qəzetinə verilən məlumata istinadən, martın 15-də sözügedən operada Cüzeppe Verdinin "AİDA" operasının tamaşası keçiriləcək. Həmin gün tamaşada Aida partiyasını Belarusun tanınmış opera müğənnisi, Belarus Respublikasının əməkdar artisti, Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti Nina Şarubina ifa edəcək. Vokalçı Almaniya, Avstriya, Finlandiya, Yaponiya, Tailandda keçirilən mötəbər beynəlxalq musiqi festivallarında dəfələrlə iştirak etmişdir. N.Şarubina, eyni zamanda, Moskva "Yeni opera" Teatrının, Donetsk və Lvov Milli Akademik Opera və Balet Teatrlarının solistidir. Avstriya, İspaniya, Niderland, Fransa, İsveçrə və İtaliyada solo-konsertlər, tamaşa və oratoriyalarda müxtəlif partiyalarda böyük uğurla çıxış etmişdir. Radames rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev, əsas partiyalardan biri - Amneris rolunu isə gənc vokalçı Səbinə Vahabzadə ifa edəcəklər. Tamaşada, həmçinin, Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycanın əməkdar artistləri Əli Əsgərov (Misir şahı), Əvəz Abdullayev (Amonasro), Əkrəm Poladov (Ramfis) və Gülnaz İsmayılova (Kahinə) da çıxış edəcəklər. Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
Bütün Polşa onun haqqında danışır...