Musiqili Komediya Teatrından "Səs" qəzetinə verilən məlumata görə, mart ayının 11-də tanınmış aktrisa, uzun illər sözügedən teatrda çalışmış mərhum Lütviyyə Səfərovanın doğum günüdür. Həmin gün aktrisanın xatirəsinə hörmət əlaməti olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov) tamaşası nümayiş olunacaq. Tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Elvin Əliyev, Nərgiz Kərimova, Emil Heydərov və başqaları çıxış edəcək. Xatırladaq ki, mərhum aktrisa bu tamaşada uzun illər Nazpəri obrazını ifa etmişdir. Tamaşadan öncə teatrşünas Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barədə çıxış edəcək. Teatrın foyesində isə ona həsr olunmuş sərgi nümayiş ediləcək.
Onu da qeyd edək ki, Lütviyyə Səfərova 1941-ci ildə anadan olmuşdur. O, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra, Musiqili Komediya Teatrında işləməyə dəvət olunmuşdur. Elə ilk günlərdən özünü zəhmətkeş, istedadlı aktrisa kimi göstərən və əsas rolların ifaçısına çevirilən Lütviyyə xanım F.Əmirovun "Gözün aydın" komediyasında Leyli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, E.Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Ş.Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa obrazlarda çıxış etmişdir.
1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyən Lütviyyə xanım 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya teatrına qayıdır və bir-birindən məzmunlu, zəngin obrazlar yaradır. O, "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik" tamaşasında Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlərin öhdəsindən böyük məharət və yüksək professionallıqla gəlib. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilmişdir. Qeyd edək ki, aktrisa 2010-cu il mart ayının 1-də vəfat etmişdir.
Bütün Polşa onun haqqında danışır...