PDF Oxu

Mədəniyyət

  • 8 172

Nodar Şaşıqoğlu - 85

Nodar Şaşıqoğlu - 85

Azərbaycan kino sənətinin yaddaqalan, əbədi dünya qazanan kifayət qədər sənətkarları vardır. Bu sırada 85 yaşı tamam olan Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlunun da imzası var. İfası, görkəmi, jest və mimikası ilə öz portretini yaradan Nodar Şaşıqoğlu. N.Şaşıqoğlu tamaşaçı yaddaşında və milli kinomuzda işgüzar, yenilikçi, istedadlı bir aktyor obrazı həkk edib. Nodar Şaşıqoğlunun kino yaradıcılığı filmlərdə oynadığı rolların sayından və miqyasından asılı olmayaraq, məhəbbətlə əhatəlidir.

Tərcümeyi-halı zəngin və maraqlı faktlarla əhatə olunub. 1927-ci ilin bu günü Tbilisidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Aktyorluq bu ailəyə xas bir sənətdir. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. Moskva qısa zaman kəsiyində onu özünə cəlb edib. 5-6 il Taqanka Teatrında çalışıb.

Taqanka Teatrında işlədiyi vaxt artıq Moskvanın teatr və kino ictimaiyyəti onu tanıyırdı. Bir gün məşhur kinorejissor Sergey Yutkeviç onu yanına çağırıb "Türk sultanının rolunda oynaya bilərsən?"-deyə soruşub. Yutkeviç "Böyük döyüşçü İsgəndər bəy" adlanan bu filmində ona Sultan Mehmetin rolunu verir. Kinoya çəkilmək, əlbəttə, yaxşıdır. Amma teatr aktyorun evidir. Amma onun üçün istər teatrda, istərsə kinoda olsun, öndə aktyor fərdiyyəti, aktyor oyunu durur. Yenə teatr uğurları, yeni-yeni tamaşalar, rollar... Bakıdan kinorejissor Rəşid Atamalıbəyov oynadığı tamaşalardan birinə gəlib baxmışdı. Tamaşadan sonra onunla görüşüb, məşhur Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə haqqında film çəkildiyini bildirib. Baş rolda çəkilməyi təklif edib. Hərçənd, bu filmdə o, ikinci rejissor idi. Bu təklifə teatrı qurban vermək, ümumiyyətlə, Moskvanı tərk etməyin hesabına razı ola bilərdi.

"Uzaq sahillərdə"dən sonra bir andaca məşhurlaşdı. Müsahibələrinin birində deyir ki, Mehdinin obrazı mənimlə eyniləşmişdi: "Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə, bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı."

"Milli kinematoqrafiyamızda qəhrəman obrazı" deyən kimi yada ən birinci Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi və Nodar Şaşıqoğlunun ifasında qəhrəman Mehdi Hüseynzadə - Mixaylo düşür. Yerində istifadə olunmuş iri planlar, işıq və kölgə oyunu, yüngül və canlı dialoqlar...Azərbaycan kinosunda çox az sayda filmə hissə-hissə, cümlə-cümlə məişətə daxil olmaq, yaşamaq taleyi qismət olub. Ciddi filmlərdən isə, deyəsən, təkcə "Uzaq sahillərdə" kütləviləşə, "kult" filminə çevrilə bilib. Ssenarist və rejissorun peşəkarlığı, üstəgəl istedadlı aktyor oyunu, sirayətedici, situasiyadan asılı olaraq gah kəskin, gah da romantik olan, amma bütün hallarda qarşısındakı insanın gözlərinə düz baxan baxışlar, assimmetrik üz cizgiləri "Uzaq sahillərdə" filminin qəhrəmanı Mehdi Hüseynzadəni- Mixaylonu bir anda tamaşaçıların sevimlisinə, gənc qızların xəyali cəngavərinə çevirmişdi.

N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır. Sonralar "Onun böyük ürəyi", "Uzaq sahillərdə", "Əsil dost", "Matteo Falkone", "Səhər", "Bizim küçə", "Leyli və Məcnun", "Telefonçu qız" və s. filmlərdə baş rolları oynayır.

85 yaşlı Nodar Şaşıqoğlu təbiətin ona verdiyi imkanlardan lazımi səviyyədə bəhrələnib. Xalq artisti "bütün yaşların öz müsbət və mənfi tərəfləri var" fikrinə fərqli yanaşır. "85 yaşın heç bir müsbət tərəfi yoxdur. Yalnız mənfilik! Açığı, mən 85 yaşadək yaşayacağımı düşünməzdim. Evdə oturmağa, heç nə ilə məşğul olmamağa öyrəşməmişəm", - deyib.

Dünya hələ də onu təəccübləndirir. Nə qədər yaşasa da, yenə hardansa bir yenilik çıxır. "Bu qoca dünya, elə bil, adamla "tap görüm" oynayır"- deyir. Bir əlilə sənə nəyisə göstərir, o birisi əlini arxasında gizlədir.

Belə bir aktyor zəhməti dövlət və xalq - tamaşaçı tərəfindən yüksək qiymətləndirilib. 1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Yuxarıda sadalananların hamısı onun yaradıcılıq potensialının bir portreti idi. Təkcə bir həqiqət onu tam mənasında təqdim edir: Nodar Şaşıqoğlu Azərbaycan kinosunun Mixaylosudur. Ona qədər və ondan sonra çəkildiyi və səhnədə oynadığı bütün rollara rəğmən küçədə aktyorla rastlaşanlar, şəklini görənlər, bir sözlə, hamı ilk növbədə, Mixaylonu xatırlayır.

Digər xəbərlər