PDF Oxu

Mədəniyyət

  • 1 029

“Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat mərasimi keçirildi

“Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat mərasimi keçirildi

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) Milli Məclisin deputatı Qənirə Paşayeva və türkoloq-alim Azər Turanın həmmüəllifi olduqları və "Türk Ocaqları" İstanbul şöbəsinin türk dilində nəfis şəkildə nəşr etdirdiyi "Əli bəy Hüseynzadə Turan" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Arif Əmrahoğlu "Türk Ocaqları"nın 100 illik yubileyi münasibəti ilə nəşr edilən kitab haqqında geniş məlumat verərək, onun mahiyyətindən söz açdı.

Xalq yazıçısı Anar "Türk Ocaqları"nın 100 illik yubiley mərasimi iştirakçıları ilə görüşdən məmnunluq duyduğunu bildirdi. "Əli Bəy Hüseynzadə" kitabının AYB-də təqdim edilməsini çox anlamlı olduğunu diqqətə çatdırdı. O, "Əli bəy Hüseynzadə Turan" kitabının AYB-də təqdim edilməsini çox mühüm hadisə kimi dəyərləndirdi.

Daha sonra təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva "Türk Ocaqları"nın 100 illik əlamətdar yubileyi münasibəti ilə İstanbulda nəşr olunan kitabın, məhz yubileylə bağlı Bakının qonağı olmuş ocaqlıların iştirakı ilə Yazıçılar Birliyində təqdim olunmasından qürur hissi keçirdiyini dilə gətirdi. Q.Paşayeva Əli bəyin qızı Feyzavər xanımla tanışlığı, onunla görüşü barədə söz açaraq, təqdim olunan kitabın məhz həmin görüşdə aparılan söhbətlər, Fezavər xanımın verdiyi bilgilər əsasında ərsəyə gəldiyini vurğuladı. Qənirə Paşayeva kitabın Azərbaycan dilində çıxmış birinci nəşri kimi, türk dilində nəşr olunmuş versiyasının da geniş oxucu kütləsinin rəğbətini qazanacağına və onların stolüstü kitabına çevriləcəyinə əminliyini bildirdi.

Daha sonra kitabın başqa həmmüəllifi - Azər Turan, "Türk Ocaqları"nın İstanbul şöbəsinin başqanı, doktor Cezmi Bayram və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı çıxış edərək, kitabla bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi "Üstün Xidmət Nişanı" Anar müəllim tərəfindən Cezmi Bayrama təqdim olundu. Qeyd olundu ki, Cezmi Bayram bu mükafata "Türk Ocaqları"nın İstanbul şöbəsinə uzun müddət səmərəli başçılıq etdiyi, Türk Dünyası, özəlliklə, Azərbaycan naminə fədakar çalışmalarına görə layiq görülüb.


ZÜMRÜD

Digər xəbərlər