PDF Oxu

Mədəniyyət

  • 1 167

“Azərbaycan xalçaları: Naxçıvan qrupu” kitabçasının təqdimatı keçirilib

“Azərbaycan xalçaları: Naxçıvan qrupu” kitabçasının təqdimatı keçirilib

Naxçıvan Dövlət Xalça Muzeyində "Azərbaycan xalçaları: Naxçıvan qrupu" kitabçasının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov ötən əsrin 70-ci illərindən başlayaraq, unudulmaqda olan xalq tətbiqi sənətinin inkişafı istiqamətində mühüm addımlar atıldığını, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsimizin qorunması, öyrənilməsi və zənginləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini, tarixi yaddaşın bərpası məqsədi ilə əhəmiyyətli tədbirlərin görüldüyünü vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin himayəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması və Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi xalqımızın tarixi keçmişinə və milli dəyərlərin bərpasına göstərilən böyük qayğının ifadəsidir.

2012-ci ilin muxtar respublikada "Milli dəyərlər ili" elan edildiyini diqqətə çatdıran natiq belə bir məqamda "Azərbaycan xalçaları: Naxçıvan qrupu" kitabçasının nəfis tərtibatla nəşr olunmasını və ictimaiyyətə təqdim edilməsini xalqımızın milli dəyərləri xəzinəsinə mühüm töhfə kimi qiymətləndirib. O, təqdim olunan kitabçanın Azərbaycan xalçaçılıq sənətinin inkişafında və elmi-tədqiqat işlərinin aparılmasında mühüm rol oynayacağına əminliyini bildirib. Əli Həsənov kitabçanın hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəkkürünü çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov demişdir ki, "Azərbaycan xalçaları: Naxçıvan qrupu" kitabçası, ümumilikdə, ölkəmizin tarixinin, Naxçıvanın qədim və zəngin mədəniyyətinin, o cümlədən, xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi işinə mühüm töhfədir.

Bu kitabça konkret faktlar və maddi dəlillər əsasında yazılmaqla, Azərbaycanın erməni işğalçılarına qarşı informasiya müharibəsində çox mühüm hücum aktıdır. Kitabçanın Naxçıvan tarixinin öyrənilməsində də böyük əhəmiyyəti vardır. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalçaları haqqında fundamental kitabların çap olunmasını, Azərbaycan xalçalarının Naxçıvan qrupu barədə böyük elmi əhəmiyyətə malik olan belə bir kitabçanın nəşrini əlamətdar hadisə kimi dəyərləndirib.

Layihənin rəhbəri, "Azərbaycan xalçaları" jurnalının baş redaktoru, professor Vidadi Muradov çıxışında bildirib ki, yeni nəşrdə Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan qədim Naxçıvanın keçdiyi zəngin tarixi inkişaf yolu, burada toxuculuq mədəniyyətinin formalaşması haqqında ətraflı məlumat verilir. Azərbaycan xalçaçılığında mühüm yeri olan Naxçıvan xalça məktəbi, bu bölgənin xalçalarının texniki və bədii xüsusiyyətləri, kilim, cecim və zili kimi xalça növləri ayrı-ayrılıqda tədqiq və təhlil olunur. Naxçıvan qrupu xalçaları iki qrupa - xovsuz və xovlu texnika ilə toxunan xalça növlərinə ayrılır. Həmin xalçaların keçdiyi inkişaf yolu isə 4 əsas və ardıcıl dövrə bölünür. Bu barədə kitabçada elmi tədqiqatlara söykənən və xovsuz texnika ilə toxunan xalçalara aid olan həsir, çətən, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax, ladı, xovlu texnika ilə toxunan xalı və xalçalar barədə məlumatlarla tanış olmaq mümkündür. Tədbirdə "Azərbaycan xalçaları: Naxçıvan qrupu" kitabçası haqqında hazırlanmış slayd nümayiş etdirilmiş, mərasim iştirakçıları Naxçıvan Dövlət Xalça Muzeyinin eksponatları ilə tanış olublar.


ZÜMRÜD

Digər xəbərlər