PDF Oxu

Mədəniyyət

  • 4 077

Görkəmli alim Bəkir Nəbiyev son mənzilə yola salınıb

Görkəmli alim Bəkir Nəbiyev son mənzilə yola salınıb

Martın 16-da görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müşaviri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar elm xadimi, "Şöhrət" və "İstiqlal" ordenli, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Bəkir Nəbiyev son mənzilə yola salınmışdır. AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, Heydər Əliyev Fondunun kollektivi adından əklillər düzülmüşdü. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Bəkir Nəbiyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən danışmış, onun Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını vurğulamışdır. Alim bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etmişdir. M.Kərimov demişdir ki, Bəkir Nəbiyev çıxışlarında Azərbaycan dilinin bütün zənginliyini, gözəlliyini onu dinləyənlərə asanlıqla çatdırırdı. O, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi idi. Görkəmli alim zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişdir.Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından biri idi. Ədəbiyyatın elə bir sahəsi yoxdur ki, Bəkir Nəbiyev orada sözünü deməmiş olsun. Onun ədəbi fikirləri ədəbiyyatşünaslığımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır.

M.Kərimov vurğulamışdır ki, görkəmli alimin qoyub getdiyi zəngin ədəbi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində çıxış edən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, akademiyanın müxbir üzvü Teymur Kərimli Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır.

Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu, professor Nazim İmanov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.


Allah rəhmət eləsin!

Digər xəbərlər