PDF Oxu

Mədəniyyət

  • 1 495

Parisdə gənc azərbaycanlı rəssamların əsərləri sərgilənib

Parisdə gənc azərbaycanlı rəssamların əsərləri sərgilənib

Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Parisdə 10-24 yaşlı gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib.

Sərgini giriş sözü ilə açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirakçıları salamlayaraq, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği istiqamətində "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən azərbaycanlı gənclərin əsərlərindən ibarət sərgilər təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

Parisdəki sərgidə 11 rəssamın 49 əsərinin nümayiş etdirildiyini xatırladan səfir iki ölkə arasında diplomatik əlaqələrin yaradılması istiqamətində yalnız səfirliyin deyil, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif təşkilatların da öz töhfələrini verdiklərini qeyd edib.

Bir neçə gün əvvəl Parisdə xalqımızın zəngin tarixi ənənələrin bariz nümunəsi olan və baharın gəlişindən xəbər verən Novruz bayramının təntənəli qeyd edildiyini xatırladan səfir məhz Novruz bayramı və ölkəmizin mədəniyyəti, incəsənəti ilə bağlı "İrs" jurnalının fransız dilində ikinci nömrəsinin çapdan çıxdığını və qonaqlara təqdim edildiyini bildirib.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev mədəniyyətin sərhəd tanımadığını diqqətə çatdıraraq rəhbərlik etdiyi qurumun istedadlı azərbaycanlı gəncləri öz ətrafında birləşdirməsindən, Azərbaycan incəsənətinin Avropada tanınması istiqamətində görülən işlərdən bəhs edib. O, gənc rəssamların əsərlərinin ilk dəfə 2010-cu ildə Bolqarıstanda, 2011-ci ildə Brüsseldə təşkil olunan sərginin Yaponiyada baş verən zəlzələ zamanı həlak olan insanların, 2012-ci ilin fevralında Vyanada nümayiş etdirilən sərginin isə ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılovun xatirəsinə həsr olunduğunu bildirib. Dördüncü sərginin dünya mədəniyyətinin beşiyi olan Fransada təşkil edilməsinin xüsusi önəm daşıdığını qeyd edən İslam Baxşəliyev zəngin tarixə, bəşəriyyətə ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində korifeylər vermiş Fransa kimi bir ölkədə gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin təşkilindən məmnunluq hissi keçirdiyini bildirmiş, bu sərginin fransızların Azərbaycanı tanıtmaq istiqamətində atılan addımlardan biri kimi xarakterizə edib.

Azərbaycanın "Evrovision" beynəlxalq musiqi yarışmasında dördüncü dəfə iştirakını diqqətə çatdıran İ.Baxşəliyev bu yarışda ölkəmizin uğurla çıxış etdiyini və ötənilki yarışda isə birinci yerə çıxdığına görə həmin mahnı müsabiqəsinin bu ilin mayında Bakıda keçiriləcəyini və bu sərginin də həmin müsabiqəyə həsr olunacağını diqqətə çatdırıb.

İ.Baxşəliyev üzərində xüsusi daşlarla "Eurovision-2012" və "Öz məşəlini alovlandır!" sözlərinin həkk olunduğu tablonu və təşkilatın diplomunu səfirə təqdim edib.

Sərgiyə gələn qonaqlar Leyla İbrahimova, Bəhriyyə Əliyeva, Leyla Babayeva, Sevinc Seyidova, Atilla Rzazadə, Fidan Əliyeva, Leyla Mirişova, Neman Abdullayev və başqalarının rəsm əsərləri ilə tanış olublar.

Qeyd edək ki , sərgi martın 29-dək davam edəcək.

Digər xəbərlər